“Nizami Gəncəvi elə bir sənətkar, elə bir dahidir ki, onun yubileyini hər il keçirmək lazımdır!”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev (28 iyul 1981-ci il)
XXX
“Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev
Tarixə işıq tutan bu fikirlərin, düşüncələrin arxasında milli ideallara əsaslanan dəmir siyasi iradə, böyük bir zəhmət, fədakarlıq və qədirşünaslıq dayanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində bu mövqedə dayanan tək şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan klassik ədəbiyyatına, tarixi şəxsiyyətlərimizə, ədiblərimizə olan münasibəti, diqqət və qayğısı olduqca strateji əhəmiyyət daşımaqla bütün dövrlər üçün, xüsusilə, sovet dövrü üçün mühüm əhəmiyyət daşıyırdı. Sovetlər birliyi dövründə milli koloritlə dolu olan bu yanaşmanı ancaq yüksək nüfuza sahib olan insan həyata keçirə bilərdi ki, o da Ulu Öndər Heydər Əliyev oldu. Əlbəttə ki, bütün bu fəaliyyətlər öz növbəsində çox çətinliklə, fədakarlıqla, hətta həyati təhlükələrlə başa gəlirdi ki, bu maneələrin heç biri Ulu Öndərimizi xalqımızın gələcək istiqlaliyyətinə qovuşduracaq bu yoldan çəkindirmədi və daha əmin addımlarla dadmış olduğumuz qısa ömürlü istiqlaliyyətimizi bizlər üçün əbədi, dönməz və daimi etdi. Ulu Öndəri çıxdığı bu yoldan heç bir qüvvə geri qaytara bilməzdi. Azərbaycanı dünyaya doğan günəşə çevirməyi qarşısına məqsəd qoyan Ümummilli Lider Heydər Əliyev bütün həyatı boyu da bu əqidəsindən, fəaliyyətindən dönmədi, sarsılmadı və arzularını gerçəyə çevirdi. Əlbəttə ki, o yaxşı bilirdi ki, Yunus Əmrənin ifadəsi ilə desək “Bu yol uzaktır, mənzili çoktur, geçidi yoktur, dərin sular var”, amma yenə də ömrünü həsr etdiyi doğma Azərbaycanının o dövrki çiləli, əzablı və məşəqqətli vəziyyəti Ulu Öndəri sarsıtmadı, yıxa bilmədi. Ona görə yıxa bilmədi ki, qəlbi Azərbaycan boyda idi. Ona görə sarsıda bilmədi ki, o, elə ən çətin günlərin adamı idi. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövrdə ölkəmiz ən çətin günlərini yaşayıb. Və yalnız o gəldikdən sonra Azərbaycan yaşadığı ən taleyüklü çətin problemlərdən qurtulmuş, gələcəyə inamla, ilhamla irəliləmişdir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində Ulu Öndər haqqında danışarkən söylədiyi “Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır”, - fikirləri müstəqil Azərbaycanın onun şah əsəri olduğunu bir daha təsdiqləyir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə, irsinə olan sonsuz məhəbbəti də məhz bu məfkurə üzərinə köklənmişdir. Nizami Gəncəvinin Sovet imperiyasının milli ideoloji mətləbləri olduqca həssaslıqla idarə etdiyi bir dövrdə yuvarlaq olmayan yubileyinin keçirilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri olmuşdur. Nizami Gəncəvinin yuvarlaq olmayan 840 illik yubileyinin keçirilməsindən danışan akademik İsa Həbibbəyli yazır: “Sovetlər İttifaqında görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş Nizami Gəncəvinin 840 illik yubileyi yuvarlaq olmayan rəqəmlərlə ifadə olunan birinci və axırıncı rəsmi yubiley tədbiri olmuşdur. O zaman Sovetlər İttifaqı miqyasında və onun hüdudlarından kənarda da görkəmli dövlət xadimi kimi qəbul olunan Heydər Əliyev özünün xüsusi nüfuzundan və dəmir məntiqindən istifadə edərək Nizami Gəncəvinin 840 illik yubileyini keçirməyə nail ola bilmişdir. Sonralar məlum olmuşdur ki, Heydər Əliyev sovet dövlətinin yubiley keçirmək ənənəsini qıran, bu addımın qarşısını almaq istəyən yuxarı rəsmi təbəqələrin yaratdıqları baryerləri də ağıllı yanaşmalar ilə aşıb keçmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 ildən sonra, 1993-cü ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini aşağıdakı kimi ictimaiyyətin diqqətinə çatdırmışdır: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi edə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Ulu Öndər Heydər Əliyev 28 iyul 1981-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi haqqında imzaladığı qərara qədər bir çox mətləbləri həll etmiş, məlum tarixi hadisəyə uzaqgörənliklə yüksək zəmin hazırlamışdır.
Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci və 4 yanvar 1978-ci illərdə “Nizami Gəncəvi məqbərəsinin qorunması”, 6 yanvar 1979-cu ildə isə “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı qərar və göstərişlər dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi haqqında olduqca mühüm tədbirlərin görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına, ən əsası isə milli düşüncəli yeni nəsil Azərbaycanlı nizamişünas alimlərin yetişməsinə səbəb oldu. Qətiyyətlə deyə bilərik ki, bu gün müasir Azərbaycan nizamişünaslığının yükü Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə yetişən müdrik Azərbaycan alimlərinin və möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənc alimlərin çiyinləri üzərindədir. Bütün bunlar da öz növbəsində biz gənclər üçün bir əmanət, böyük məsuliyyət olduğu kimi, eyni zamanda yüksək bir etimaddır.
Ulu Öndər Heydər Əliyevin Nizami Gəncəviyə və onun ölməz, bənzərsiz irsinə münasibətini ümumən Gəncənin qəhrəmanlıqla dolu tarixi kontekstində yanaşmaq və araşdırmaq lazımdır. Çünki necə ki, Nizami Gəncəvisiz Gəncəni, Gəncəsiz də Nizami Gəncəvini təsəvvür edib tədqiqat aparmaq mümkün olmadığı kimi, Heydər Əliyevin də Nizami Gəncəvi yaradıcılığına olan məhəbbətini, sevgisini məhz Gəncə mövzusundan ayrı ələ almaq mümkün deyildir. Ümummilli Lider Heydər Əliyev Gəncənin tarixinə Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən tarixi qəhrəmanlıq salnaməsi kimi yanaşırdı və qeyd edirdi: “Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk”.
Ulu Öndər bu sözləri 24 may 2000-ci ildə Nizami Gəncəvinin məqbərəsi önündə Gəncə ziyalıları, ağsaqqalları ilə görüşündə dilə gətirirdi. Ümummilli Liderin bu görüşdə söylədiyi bir çox faktlar o dövrə qədər çoxlarına məlum deyildir ki, bu da öz növbəsində nizamişünaslığın müasir mərhələdə inkişafının bünövrəsində dayanan prinsipləri şərtləndirirdi. Ulu Öndərin bu görüşdə toxunduğu ən önəmli, taleyüklü məsələlərdən biri və başlıcası 840 illik yubileyin onun tərəfindən hansı çətinliklərlə həyata keçirilməsindən bəhs etməsi idi. Ümummilli Liderin Nizami Gəncəvi məqbərəsində dahi mütəfəkkirə həsr edilən bu tarixi çıxışı sanki Nizami Gəncəvi ruhu qarşısında bir hesabat monoloqu idi. Onun söylədiyi hər bir kəlməni, cümləni dərindən təhlil etmək, araşdırmaq lazımdır. Çünki Ulu Öndərin taiximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı söylədiyi hər bir ifadə tarixə işıq tutan açar sözlərdir: “Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər”. Sovet imperiyası kimi nəhəng bir quruluşun imkan verməməkdə qərarlı olduğu ideoloji bir işin həll edilib yoluna qoyulması yalnız Ulu Öndərin nüfuzu ilə ola bilərdi ki, tarix də buna şahidlik etdi.
Heydər Əliyevin çıxışında dahi mütəfəkkirin 800 illik yubileyinə nəzər salması heç də təsadüfi deyildir. Bu, öz növbəsində müasir tədqiqatın obyekti ola biləcək geniş bir araşdırma mövzusudur. Nizami Gəncəvinin hər iki yubileyi öz məhvərində çətinliklərdən, problemlərdən xali olmayıb, lakin bu çətinliklərin miqyası, mahiyyəti əlbəttə ki, eyni ola bilməzdi. 1941-ci ilin payızında blokadada olan Leninqradda fədakar ziyalıların həyat keçirdiyi Nizami Gəncəvi yubileyinin çətinliyi müharibə və onun özü ilə birgə gətirdiyi insan fəlakəti, təhlükəsiz məkan kimi problemlər idisə, 1981-ci ilin payızında Ulu Öndərin qətiyyət , siyasi iradəsi ilə reallaşan dahi Nizaminin 840 illik yubileyinin qarşılaşdığı maneə isə daha dərin olan ideoloji məsələlər idi. Nəzərə alsaq ki, hər bir imperiyanı ayaqda tutan başlıca amil ideoloji atributlarıdır, məhz bu kontekstdə Heydər Əliyevin apardığı mübarizənin mahiyyətini və onu gözləyə biləcək həyati təhlükəni təsəvvür etmək elə də çətin deyil.
Ulu Öndərin dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi ilə bağlı imzaladığı sərəncamlar, fərmanlar, etdiyi çıxışlar, söylədiyi aforizmlər öz növbəsində Nizami Gəncəvi irsinin dünyada tanıdılması, təbliğ edilməsi nöqteyi-nəzərindən bir inkişaf konsepsiyası idi ki, bu da öz növbəsində ümum Azərbaycan ədəbiyyatının, xüsusilə də nizamişünaslığın gələcək inkişafını şərtləndirən mühüm amillərdən biri oldu.
Ulu Öndər Heydər Əliyev Nizami Gəncəvi irsinin, məqbərəsinin qorunmasını, təbliğ edilməsini müqəddəs bir vəzifə kimi gələcək nəsillərin qarşısında qoyurdu: “Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhvləri buraxmasınlar”.
Ulu Öndər Heydər Əliyev 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyini keçirməklə Azərbaycan nizamişünaslığının tarixində yeni və mühüm bir tarixi mərhələnin əsasını qoydu. Nizami Gəncəvi əsərlərinin dünyanın inkişaf etmiş dillərinə tərcümə edilməsi, yubileylərinin daim dövlət səviyyəsində qeyd edilməsi, məqbərəsinin müqəddəs bir ziyarətgah kimi qorunması məsələlərini özündə ehtiva edən bu mərhələ Nizami Gəncəvinin Azərbaycan xalqına ikinci qayıdışı kontekstində tarixə Azərbaycan nizamişünaslığının Heydər Əliyev mərhələsi kimi düşdü.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı qərar Azərbaycan nizamişünaslığının inkişaf konsepsiyasını şərtləndirdiyi kimi, eyni zamanda bu sahənin gələcək yol xəritəsini və hədəflərini də müəyyənləşdirdi. Ulu Öndərin siyasi iradəsi və qətiyyəti ilə Nizami Gəncəvi “Xəmsə”sinin o dövrdə ən nüfuzlu nəşriyyat olan “Xudojestvennaya literatura” da çap edilməsi nizamişünaslıq sahəsində həmin dövrədək görünməyən bir hadisə idi. Bu tarixi xidməti Ulu Öndər belə xatırlayırdı: “Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm. Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin tamamilə rus dilinə tərcümə olunması və Moskvada - əgər burada ədəbiyyatçılardan varsa, bilirlər, Moskvada “Xudojestvennaya literatura” nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi - böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Bu, asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarının çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın”.
Ulu Öndər Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, irisi ilə bağlı müəyyənləşdirdiyi bu strateji yanaşma bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və təbliğinə yönələn siyasi iradəsi ilə müqəddəs ata vəsiyyəti kimi həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əlliyev 23 dekabr 2011-ci ildə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam, bu yubiley özünəqədərki yubileylərdən ehtiva etdiyi bir çox mətləblərə görə çox fərqlənirdi. Ən başlıca mətləb isə ilk dəfə dahi şairimizin təntənəli yubileyi müstəqil Azərbaycan dövlətinin və müstəqil vətəndaşlarının birgə fəaliyyətinin nəticəsində baş tuturdu. Əgər nəzərə alsaq ki, dahi mütəfəkkirimizə bu vaxta qədər həsr edilən yubileylər silsiləsi dövrlərində Azərbaycan dövlət olaraq müstəqil deyildi, bu baxımdan 870 illik yubileyin ideoloji məna tutumu, əlbəttə ki, daha çox milli məfkurəyə söykənirdi.
Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq xalqımız bütün yaradıcılığı boyu ümumbəşəri ideyaların carçısı olan dahi şairimiz Nizami Gəncəvinin 870 illik yubileyini dahi mütəfəkkirin öz yurdunda, müstəqil dövlətimizlə, Azərbaycan və dünya nizamişünasları ilə birgə qeyd etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ildə imzaladığı müvafiq Sərəncamla fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir ki, bu da öz növbəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Azərbaycandan başqa ikinci bir ölkədə əsası qoyulub fəaliyyətə başlaya bilməzdi. Çünki Nizami Gəncəvinin bəşəri ideyalarını ən doğru yalnız mənsub olduğu xalq car edə bilər dünyaya. Möhtərəm Prezidentimizin sədirliyi hər il təşkil edilən Qlobal Bakı Forumları da məhz dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayaışının bütün dünya xalqlarına ərməğanı, səslənişidir. Xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin dünyanın müxtəlif dillərinə tərcümə edilib nəşr edilməsi bu siyasətin qoşa qanadının birini təşkil edir.
2021-ci il Azərbaycan Respublikasının müasir tarixinin qədim tariximizə baxışı kontekstində ən əlamətdar il kimi yadda qalacaq. Bu tarixi xalqımızın qəhrəmanlıq salnaməsində uca edən 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi parlaq qələbə və bu zəfərdən başlanan doğma Qarabağımıza qayıdış mərhələsidir. 2021-ci il Böyül Qayıdış sevincimizə sevinc qatan isə ölkə başçısının imzaladığı Sərəncamla həmin ilin “Nizami Gəncəvi İli” elan edilməsi oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilirdi: “Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi uğurla fəaliyyət göstərir”.
Möhtərəm Prezidentimizin 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan etməsinin ədəbi-tarixi kontekstdən təhlil etdikdə bu qərarın bir neçə qərinələrə hesablandığının şahidi olarıq. Tam vaxtında, zamanında verilmiş bu qərar yeni nəsil milli məfkurəyə söykənən nizamişünas alimlərin yetişdirilməsinə bir çağırışdır. Bu gün millət olaraq akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, Nizami Gəncəvinin bədii irsinin azərbaycançılıq və müstəqil dövlətçilik işığı altında yenidən tədqiq və təbliğ etməyimiz üçün bu böyük sənətkarı yenidən kəşf etməyə ehtiyacımız vardır.
2021-ci il “Nizami Gəncəvi İli”, Nizami Gəncəvinin 880 illik yubileyi və ən nəhayət doğma Qarabağımıza qayıdış ilidir. Akademik Rafael Hüseynovun təbirilə desək, “Nizami adı ilə başlayan bu il daha bərəkətli, olduqca uğurlu və nizamlı olacaqdır. Nizami Gəncəvi yeni başlayan 2021-ci ilimizin rəmzi oldu”.
Necə ki, Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan hər bir məsnəvisini müqəddəslərimizə müraciətlə başlayırdı, biz də millət və dövlət olaraq onun şəxsiyyətini pak, təmiz və müqəddəs qəbul edib 2021-ci ilimizə Nizami Gəncəvi duası və dühası ilə başladıq!
Əlimuxtar MUXTAROV, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.