Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.08.2023 10:01
  • A-
  • A
  • A+

AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib və qarşıda duran vəzifələri müəyyən edilib

AMEA-nın “Elektron Akademiya” şöbəsinin hesabatı dinlənilib və qarşıda duran vəzifələri müəyyən edilib

AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən görülmüş işlərin hesabatı təqdim edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək və müasir dünya elminin çağırışlarını əsas götürərək Akademiyada köklü struktur islahatlarının aparıldığını, informasiya texnologiyalarının geniş tətbiq olunduğu dövrün tələblərinə cavab verən yeni şöbələrin yaradıldığını, mövcud şöbələrin fəaliyyət istiqamətlərinin təkmilləşdirildiyini, həmçinin bir sıra kadr islahatlarının aparıldığını diqqətə çatdırıb, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Qeyd edib ki, bu islahatlar çərçivəsində AMEA Rəyasət Heyəti tərəfindən daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında Arxeologiya və Antropologiya İnstitutunun, Tarix İnstitutunun bazasında isə daxili imkanlar hesabına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

AMEA rəhbəri, həmçinin Akademiyada aparılan elmi-tədqiqat istiqamətlərinin başlıca olaraq ölkə Prezidentinin sərəncamları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğunlaşdırıldığını bildirib.

Bundan irəli gələrək keçmiş postsovet ölkələrinin Elmlər Akademiyaları arasında ilk dəfə olaraq AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən akademik İsa Həbibbəyli ötən müddət ərzində Akademiyada elektron informasiya mühitində fəaliyyətin daha da genişləndiyini, rəqəmsal tranformasiyaların sürətləndiyini, artıq elektron hərəkatın başlanıldığını, yeni-yeni istiqamətlərdə bir sıra zəruri addımların atıldığını söyləyib. Akademiya rəhbəri AMEA-nın elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsinin yaradılmasına həsr olunmuş müşavirənin keçirildiyini, elmi müəssisələrin və alimlərimizin beynəlxalq akademik şəbəkələrdə profillərinin yaradıldığını, elmi nəşrlərin veb saytlarının hazırlandığını, gənc alimlərin, magistrant və doktorantların yaxından iştirakı ilə “Vikipediya” Ensiklopediyasının Azərbaycan dili bölməsində və bir sıra xarici dillər üzrə də fəaliyyətin genişləndirildiyini, AMEA-nın dövri elmi jurnallarında dərc olunan məqalələrə mərkəzləşdirilmiş qaydada DOİ identifikatorunun verilməyə başlandığını vurğulayıb.

AMEA prezidenti jurnalların elektron bazasının yaradılması, eləcə də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında və elmi müəssisə və təşkilatlarının kitabxanasında e-kitabxana, e-kataloq və rəqəmsal bazanın formalaşdırılması kimi qarşıdakı hədəflərdən danışıb, elektron informasiya mühitində fəaliyyətin genişləndirilməsinə dair maarifləndirmə işinin gücləndirilməsi, elmi nəşrlərə istinadların qeydə alınması, təhlili, dəyərləndirilməsi itiqamətlərində treninqlərin keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, r.ü.f.d. Fariz İmranov şöbə tərəfindən görülmüş işlərin hesabatını təqdim edib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin tapşırıqları əsasında ötən müddət ərzində şöbənin əməkdaşları tərəfindən 5 veb saytın yaradıldığını, 268 məqaləyə DOİ identifikatorunun verildiyini söyləyib. Həmçinin bildirib ki, “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə Akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunub və qısa müddətdə bu virtual məkanda azərbaycanca, eləcə də xarici dillərdə 1300-dən çox məqalənin yaradılıb, yaxud redaktə olunub və ya tərcümə  edilib. AMEA əməkdaşları tərəfindən “Google scholar”da 625 yeni profilin yaradıldığını, son aylar ərzində əməkdaşların əksəriyyətinin ORCİD və s. İD-yə malik olduğunu, sosial şəbəkələrdə də yeni profillərin yaradıldığını diqqətə çatdıran Fariz İmranov hazırda AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı fəaliyyət proqramının həyata keçirildiyini diqqətə çatdırıb, qarşıda duran vəzifələrindən danışıb.

Şöbənin baş mütəxəssisi Elnur Eltürk isə çıxışında “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən “Vikipediya” təlimlərinin səmərəliliyindən danışıb. Akademiyanın ölkəmizdə “Vikipediya” fəaliyyətinə mühüm töhfələr verdiyini qeyd edən Elnur Eltürk sözügedən təlimlərə böyük marağın olduğunu və məşğələlərin bundan sonra da davam etdiriləcəyini diqqətdə çatdırıb. 

İclasda, həmçinin AMEA prezidentinin müşaviri Elşən Quliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Sənədlərlə iş və protokol şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Aida Tağıyeva çıxış edərək müzakirə olunan sahə üzrə təmsil etdikləri strukturlarda görülən işlər barədə məlumat verib, müəyyən olunmuş indikatorlar üzrə elektron xidmətlər şəbəkəsinin səmərəliliyinin artırılması ilə bağlı təklif və mülahizələrini səsləndiriblər.

Sonda “Elektron Akademiya” şöbəsinin yarandığı bir neçə ay ərzində gördüyü əhəmiyyətli işləri müsbət qiymətləndirərək hesabatı qənaətbəxş hesab edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən elektron xidmətlər sahəsində Akademiyanın elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi barədə tapşırıqlar verilib və bu istiqamətdə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: