Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.08.2023 15:32
  • A-
  • A
  • A+

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları üçün “Horizon Avropa” proqramı üzrə məlumatlandırma tədbiri keçirilib

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun əməkdaşları üçün “Horizon Avropa” proqramı üzrə məlumatlandırma tədbiri keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun (ETTPİ) əməkdaşları üçün onlayn formatda Horizon Avropa Tədqiqat və İnnovasiya Proqramı üzrə məlumat günü təşkil edilib.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva müvafiq elm sahələri üzrə alim və mütəxəssislər üçün birgə elmi fəaliyyət imkanları yaradan “Horizon Avropa” proqramı haqqında məlumat verib. Bildirilib ki, cari ilin sentyabr ayında Avropa Komissiyasının (AK) ekspertlərinin iştirakı ilə digər Şərq Tərəfdaşlığı ölkələri kimi, Azərbaycanda da bu Proqram üzrə layihələrin hazırlanmasına dair təlimlər və fərdi məsləhələtlər təşkil ediləcək. Qeyd edilib ki, təlimlərdə iştirak üçün qeydiyyat 1 sentyabr tarixinə qədər açıqdır. Məruzəçi Azərbaycanda fəaliyyət göstərən Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Avropa Tədqiqat Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “Horizon Avropa” çağırışlarında iştirak üçün tərəfdaşlarla əlaqələrin yaradılmasında böyük imkanlar açdığını nəzərə alaraq, AK proqramlarından biri olan COST Fəaliyyəti üzrə layihələrə qoşulmağın əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda bu layihələrdən yaranan konsorsiumların “Horizon Avropa” proqramı çağırışlarına müraciətinin 39%-i uğur qazanır. Məruzəçi COST layihələrinə qoşulmaq üçün layihələrin müəyyənləşdirilməsi və müraciətlərin hazırlanması qaydalarını nümayiş etdirib və Azərbaycan mütəxəssislərinin iştirakı üzrə uğurlu statistikanı təqdim edib.

Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, kompüter elmləri üzrə fəlsəfə doktoru Məmməd Həşimov Proqram üzrə müxtəlif elm sahələrini əhatə edən klasterlər, onların məqsədləri, maliyyə imkanları, multidissiplinar çağırışlar haqqında ətraflı məlumat verib. O, layihələrə qoşulmaq üçün tələblər, tərəfdaş seçimi, onlarla əlaqələrin yaradılması üzrə təqdimat edib. Qeyd edilib ki, 7 illik “Horizon Avropa” proqramı çərçivəsində Sağlamlıq klasteri üzrə layihələr üçün 8,246 milyard Avro nəzərdə tutulub. Məruzəçi Rəqəmsal, Sənaye və Kosmos klasteri üzrə 2023-2024-cü illəri əhatə edən İş proqramı və Horizon portalında tibb üzrə açıq və ya cari ilin payızında açılacaq çağırışların müəyyən edilməsi yollarını əyani nümayiş etdirib.

Tibb kalsteri üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Püstə Orucova 2023-2024-cü illər üçün tibb üzrə geniş fəaliyyət istiqamətlərini, xüsusilə prioritet sahələri əhatə edən İş proqramında və Horizon portalında müvafiq çağırışların araşdırılması, tərəfdaşlara müraciət qaydaları haqqında ətraflı məlumat verib. Məruzəçi ETTPİ-nin fəaliyyət istiqamətlərinə uyğun bir neçə çağırış nümunəsi üzərində təqdimat edib, onların məqsədlərini, missiyalarını, gözlənilən nəticələri, maliyyə imkanlarını, həmçinin bu çağırışlarda iştirak üçün qeydiyyatdan keçmiş təşkilatlar haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: