Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.10.2015 13:47
  • A-
  • A
  • A+

Elmin İnkişafı Fondu müsabiqələrin nəticələri üzrə təqdimat keçirib

Elmin İnkişafı Fondu müsabiqələrin nəticələri üzrə təqdimat keçirib

Oktyabrın 21-də “Hilton-Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiri, professor Kamilə Əliyevanın elmi redaktorluğu ilə nəşr olunmuş “Uşaq inkişafının qiymətləndirilməsi” (müəllif: Turanə Əliyeva) kitabının təqdimat mərasimi keçirildi. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində gənc alim və mütəxəssislərin, eləcə də Qarabağ tədqiqatları üzrə üçüncü “Şuşa qrantı” müsabiqələrində qalib gələn layihələrin rəhbərləri ilə ənənəvi görüş keçirildi.

Tədbirdə çıxış edən EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı istiqamətində həyata keçirilən Dövlət proqramları və layihələrdən danışdı. Bildirdi ki, həmin layihələrdən biri olan “Uşaq inkişafının qiymətləndirilməsi” kitabında məktəbəqədər yaşlı uşaqların fiziki, sosial və mənəvi, emosional, həmçinin, nitq inkişafına dair məlumatlar, Kanada, Litva və bir sıra digər ölkələrdə məktəbəqədər yaşlı uşaqların inkişafının qiymətləndirilməsində geniş istifadə olunan Uşaqların Skrininqi üçün Diaqnostik Vəsaitinin (USDV) yaranma tarixi, psixometrik xüsusiyyətləri, USDV-nin Azərbaycana kross-kultural adaptasiya prosesi təfsilatı ilə təqdim olunur.

Sonra çıxış edən kitabın müəllifi Turanə Əliyeva nəşrin əsasən psixologiya ixtisası üzrə təhsil alan tələbələri və psixoloji qiymətləndirmə sahəsində müəyyən kurslar keçmiş peşəkarları uşaq inkişafı və onun qiymətləndirilməsi sahəsində müvafiq bilik və bacarıqlarla təmin etmək məqsədilə hazırlandığını qeyd etdi.

Təqdimat mərasimi çərçivəsində Elmin İnkişafı Fondunun nəticələri üzrə son günlər elan olunmuş qrant müsabiqəsinin qalib layihə rəhbərləri ilə görüş də keçirildi. Qeyd edək ki, 3-cü “Şuşa qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 220000 manat olmaqla 5 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrinə əsasən isə, ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 layihə qalib olub.

Sonda qalib layihə rəhbərlərinə sertifikatlar təqdim olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: