Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.09.2023 17:36
  • A-
  • A
  • A+

MEK-də “18 Sentyabr - Milli Musiqi Günü” adlı sərgi təşkil edilib

MEK-də “18 Sentyabr - Milli Musiqi Günü” adlı sərgi təşkil edilib

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Milli Musiqi Günü Ümummili Lider Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə hər il ölkə miqyasında keçirilir. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “18 Sentyabr – Milli Musiqi Günü” adlı ənənəvi sərgi təşkil olunub.

Sərgidə Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətini əks etdirən əsərlər nümayiş olunur. Bunların sırasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi dahi sənətkarların opera, musiqili komediya, kantata, fantaziya, mahnı və romansları, kamera və xor əsərləri yer alır. Həmçinin sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə çapdan çıxan Azərbaycan musiqişünaslığında xanəndəlik sənətinin tarixini və inkişafını özündə əks etdirən “Space of Mugam” (ingilis dilində) toplusu, Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə”, “Ustad xanəndələr”, “Gənc xanəndələr”, “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Muğam ensiklopediyası”, Lətifəxanım Əliyevanın “Muğamın meracı” kimi dəyərli nəşrləri də nümayiş etdirilir.

Bundan başqa, klassik, xalq, aşıq musiqisi, milli rəqs sənəti, musiqi alətlərimiz və s. haqqında “Üzeyirşünaslıq” (Fərəh Əliyeva), “Fikrət Əmirov” (Səadət Təhmirazqızı), “Səhnəmizin Ağ çiçəyi” (Mustafa Çəmənli), “Qara Qarayev tələbələrinin xatirəsində”, “Violonçel, fortepiano və simfonik orkestr üçün ikili konsert partitura” (Süleyman Ələsgərov), “Azərbaycan çalğı alətləri dünyanı valeh edir” (Səadət Abdullayeva), “Səhnə fədailəri” trilogiyası (İlham Rəhimli) kimi kitablar da sərgilənir.

Yüksək bədii-estetik dəyəri olan əsərlərdən ibarət sərgi cari ayın sonunadək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: