AMEA-nın Əsas binasında Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin növbəti seminarı keçirilib.
Tədbiri giriş sözü ilə Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev açaraq seminar iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Rasim Ağasiyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiqi barədə ölkə rəhbərinin Fərmanı əsasında, o cümlədən Nazirlər Kabinetinin 183 nömrəli Qərarı ilə tərtib olunmuş "Azərbaycan Respublikasının əmək qanunvericiliyinə edilmiş dəyişikliklərin AMEA-nın elmi müəssisələrində tətbiqi haqqında" AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarını diqqətə çatdırıb. "AMEA-nın elmi müəssisələrində əmək qanunvericiliyinin tələblərinin icra olunması vəziyyəti" haqqında məruzə edən R.Ağasiyev qeyd edib ki, bəhs olunan qərarda işin səmərəliliyini artırmaq, Akademiyanın fəaliyyətini qanunvericilik bazasındakı normativ hüquqi aktlarla tənzimləmək, hüquq pozuntularının qarşısını almaq kimi müddəalar öz əksini tapır.
Seminarda AMEA-nın elmi müəssisələrində kadr sahəsindəki vəziyyətlə bağlı bir sıra məsələləri nəzərə çatdıran natiq sözügedən qərarın icrası barədə məlumat verib. Rasim Ağasiyev Akademiyanın elmi müəssisələrində kadr işinin təşkilinin mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, Hüquq və kadrlar idarəsinin bütün işlərdə, həyata keçirdiyi layihələrdə Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Əmək Məcəlləsində qeyd edilən maddələri və AMEA-nın prezidenti, akademik Akif Əlizadə tərəfindən verilən qərar və sərəncamları rəhbər tutduğunu bildirib. Vurğulanıb ki, Hüquq və kadrlar idarəsi tərəfindən aparılan monitorinqlər sayəsində institut və təşkilatların bu istiqamətdəki fəaliyyəti qiymətləndirilib, bununla bağlı AMEA rəhbərliyinə məlumat verilib və lazımi tədbirlər görülüb.
Sonra Hüquq və kadrlar idarəsinin rəis müavini Rzaqulu Hacıyev AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarının icrası barədə məruzə edib. R.Hacıyev qərardan irəli gələn məsələləri həll edərkən sənədlərin icra müddətinin nəzərə alınmasının, iş yerinin dayanıqlı və davamlı olması üçün kadrların hərəkəti barədə məlumatlardan ibarət cədvəlin düzgün doldurulmasının və burada bütün informasiyaların dolğun şəkildə öz əksini tapmasının vacibliyini vurğulayıb.
Əmək qanunvericiliyində kadrların hərəkəti barədə məlumatların təsbiti və izahı barədə isə idarənin Kadrlar şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Dilquşa Mirzəyeva danışıb. Məlumatların doldurulması üçün gərəkli olan maddələri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə qeyd olunan məsələlərlə əlaqədar öz qurumlarında müxtəlif istiqamətlərdəki problemlərlə qarşılaşmış əməkdaşların sualları cavablandırılıb, lazımi tövsiyyə və məsləhətlər verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir