Bu gün AMEA Rəyasət Heyətində Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov ilə görüş keçirildi. Görüşün əsas məqsədi Azərbaycan-Qazax, Qazax-Azərbaycan lüğətinin hazırlanması və Türkdilli dövlətlər arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq noyabrın 10-da baş tutacaq AMEA-nın 70 illik yubiley tədbiri ilə bağlı məlumat verdi. Akademiyanın bu illər ərzində Azərbaycan dövlətinin elmi, iqtisadiyyatı və mədəniyyətinin inkişafında əvəzsiz rol oynadığını bildirdi. 1945-ci ildə əsası qoyulan bu elm ocağının bir neçə tarixi mərhələni geridə qoyduğunu deyən alim Akademiyada fəaliyyət göstərən alim və tədqiqatçıların öz elmi araşdırmaları və ixtiraları ilə dünya elminə mühüm töhfələr verdiklərini qeyd etdi.
Genişprofilli türkdilli terminoloji lüğətin hazırlanmasının məqsədəuyğun olduğunu bildirən A.Əlizadə bu təşəbbüsün həyata keçirilməsində AMEA-nın lazımi kömək göstərəciyini nəzərə çatdırdı.
Sonra Jandos Asanov çıxış edərək, Azərbaycana 4 il müddətinə ezam olunduğunu, artıq iki ildir ki, ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. Qonaq Azərbaycan-Qazax, Qazax-Azərbaycan lüğətinin hazırlanmasının vacibliyini önə çəkdi, bu məsələ ilə bağlı AMEA ilə əməkdaşlıq etməyə hazır olduğunu dilə gətirdi.
J.Asanov belə bir lüğətin hazırlanması üçün müəyyən zamana ehtiyac olduğunu vurğuladı. O, həmçinin təkcə lüğətin hazırlanması ilə bağlı deyil, ətraf mühitin mühafizəsi, iqtisadiyyat və digər sahələrdə də birgə layihələrin həyata keçirilməsi təklifini irəli sürdü.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Beynəlxalq Türk Akademiyası ilə mövcud olan çoxtərəfli əlaqələrindən söz açdı. Alim AMEA-da Azərbaycan-Qazax ədəbi əlaqələrinə aid yazılan əsərləri, Türk xalqlarına dair aparılan çoxsaylı araşdırmaları Akademiya ilə Türk dövlətləri arasında imzalanan müqavilələr və əməkdaşlığın nəticəsi kimi qiymətləndirdi. İsa Həbibbəylinin sözlərinə görə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dəstəyi ilə Türk Akademiyası 100 cilddə Türk xalqları ədəbiyyatını çapa hazırlayır ki, onun da 10 cildi məhz Azərbaycan ədəbiyyatına aiddir.
AMEA-nın vitse-prezidenti Beynəlxalq Türk Akademiyası təsis edildikdən sonra Türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin genişləndiyini, dostluq münasibətlərinin daha da möhkəmləndiyini dilə gətirdi.
Görüşdə, həmçinin türk dillərinin müştərək öyrənilməsi məsələsi müzakirə olundu. Bu məqsədlə İşçi qrupun yaradılması, o cümlədən Azərbaycan və Qazaxıstandan olan mütəxəsisslərlə birgə lüğətin hazırlanması üçün təkliflərin verilməsi qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir