Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 12:41
  • A-
  • A
  • A+

“Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” mövzusunda seminar keçirilib

“Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi” mövzusunda seminar keçirilib

Şəki Dövlət Regional Kollecində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyasının daha dərindən öyrənilməsi" mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalov ilk növbədə Ulu Öndər Heydər Əliyevin həyat yolu haqqında ətraflı məlumat verib, dahi şəxsiyyətin istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan xalqının tarixində oynadığı müstəsna roldan danışıb.

"Heydər Əliyev və Azərbaycan dövlətçilik ənənələrinin inkişafı" mövzusunda məruzəsini təqdim edən P.Zeynalov Ümummilli Liderin dövlətçilik ənənələrinin təməlində Azərbaycançılıq məfkurəsinin dayandığını, milli ruhun yüksəldilməsi, milli özünüdərkin inkişaf etdirilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental siyasi məsələlərin milli ideologiyaya xidmət etdiyini vurğulayıb.

Sonra çıxış edən Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin rəhbəri İradə Yusifova seminarın respublikamızda Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olduğunu qeyd edib.

O, "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" adlı məruzə ilə çıxış edərək Ümummilli Liderin gənclər siyasətindən, Prezident İlham Əliyevin bu uğurlu siyasətin davamı kimi gənclərə diqqət və qayğısından, bunun nəticəsi olaraq gənclərin ölkənin inkişafında aparıcı qüvvəyə çevrilməsindən danışıb. Bildirib ki, Heydər Əliyev irsi bundan sonra da gənc nəsil üçün mayak rolunu oynayacaqdır.

Seminarda Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Təranə Abdullayeva "Heydər Əliyevin Azərbaycançılıq ideologiyası mərasim folklorunda" mövzusunda məruzə ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin milli mərasimlərimizlə bağlı məsələlərə həssas yanaşmasından, onların mədəniyyətimizdəki yerinə və dəyərinə diqqət yetirməsindən, mənəvi və mədəni irsimizə sahib çıxmasından bəhs edib. Nəzərə çatdırıb ki, milli bayram mərasimlərinin təşkil edilməsi, bayram tətillərinin genişləndirilməsi Ulu Öndərin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin xalqın milli-mənəvi dəyərlərinə göstərdikləri sevgi və ehtiramın təcəssümüdür.

"Heydər Əliyevin klassik irsə münasibəti" mövzusunda çıxış edən Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi, ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinov Heydər Əliyevin ədəbiyyata qayğısının bariz nümunəsi kimi şair və yazıçıların yaradıcılığının tanıdılması, onların xatirələrinin əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərdən danışıb. O, Ümummilli Liderin Azərbaycan ədəbiyyatına göstərdiyi xidmətləri faktlarla dinləyicilərin diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: