Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.09.2023 17:48
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada keçirilən növbəti “Vikipediya” təlimləri yekunlaşıb

Mərkəzi Elmi Kitabxanada keçirilən növbəti “Vikipediya” təlimləri yekunlaşıb

AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında (MEK) növbəti “Vikipediya” təlimlərinin yekunlaşması münasibətilə tədbir keçirilib.

Tədbirdə ərazi bütövlüyümüz uğrundakı mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat, M.Füzuli adına Əlyazmalar, A.A.Bakıxanov adına Tarix, Z.Bünyadov adına Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya institutları, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşlarını təlimləri uğurla yekunlaşdırdıqları üçün təbrik edib. Bu vacib məsələdə göstərdikləri diqqətə görə öz təşəkkürünü bildirib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gənclərin onlayn platformadakı aktivliklərini yüksək qiymətləndirib və ötən günlərdə Azərbaycanın keçirdiyi uğurlu antiterror tədbirlərindən söz açıb. B.Nəbiyev ölkənin çox böyük uğurlara imza atdığını, qloballaşan dünyada yüksələn mövqeyinin göz önündə olduğunu söyləyib və bu istiqamətdə gənclərin fəallığının vacibliyinə toxunub.

Tədbirdə çıxış edən “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk Azərbaycanda “Vikipediya” hərəkatının məhz Mərkəzi Elmi Kitabxanadan başlandığını vurğulayıb. E.Eltürk öncəki illərlə müqayisədə məqalələrin keyfiyyəti və sayının artmasında həmin komandanın xidmətlərini xatırladıb. Diqqətə çatdırıb ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elan etdiyi yeniləşən akademiya strategiyasının əsas prinsiplərindən biri də məhz “Vikipediya”dakı fəallıqdır.

MEK-in Elektron resurslar şöbəsinin müdiri Reyhan Əhmədova çıxışı zamanı iştirakçılara bir ay ərzində onlayn platformada məqalələrin yaradılması, redaktəsi qaydalarının öyrədildiyini vurğulayıb: “Bu müddətdə MEK-in təlimçiləri Günay Nəciyeva və Səbinə Abizadənin nəzarəti ilə 100-dən artıq məqalə yaradılaraq redaktə olunub. Həmçinin şöbə tərəfindən “Heydər Əliyev İli” çərçivəsində yüz məqalə də yaradılıb”.

Sonda təlimçilərə, iştirakçılara diplom və sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: