Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası baş tutub.
Tədbiri institutun baş direktoru, akademik Akif Əlizadə açaraq gündəlikdə duran məsələlərlə Şura üzlərini tanış edib.
Gündəliyin təsdiqindən sonra “İşğaldan azad edilmiş ərazilərdə radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi və “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili” elmi-tədqiqat işi çərçivəsində aparılan tədqiqatların gedişatı haqqında AMEA-nın müxbir üzvü Çingiz Əliyev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Monitorinq sektorunun müdiri Yusif Əhədi hesabat formatında məruzə ediblər. Bildirilib ki, işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Şuşa şəhərində açıq qaynaqlardan əldə edilmiş peyk görüntüləri əsasında radioaktiv sahələrin və radon qazının yayılma aktivliyinin tədqiqi, eləcə də “qaynar nöqtələrin” geoloji təbiətinin təhlili üçün Landsat 7, 8 və Sentinel-2A, 2B peyklərinin fərqli tarixlərə aid kosmik şəkilləri əldə olunaraq tədqiq edilib. Avropa Kosmik Agentliyinin (ESA) bu peykləri görünən diapozonlarda 10 və 60 metr, yaxın infraqırmızı və qısa dalğalı infraqırmızı diapozonlarda elektro-optik multispektral sensorla təchiz olunub. Bu peyklər vasitəsilə 13 spektral kanal, bitki örtüyünün vəziyyətindəki fərqləri, o cümlədən, müvəqqəti dəyişiklikləri tədqiq etmək mümkün olub. Layihədə iki peykin mövcudluğu ekvatorda hər 5 gündə, orta enliklərdə isə 2-3 gündə təkrar tədqiqat aparmağa imkan verir.
Təqdimatda 11 spektral kanala sahib Landsat-8 peykinin imkanları vasitəsilə araşdırmaların nəticələri barədə də məlumat verilib.
Təqdimatda çoxsaylı suallar səsləndirilib və onlar çıxışçılar tərəfindən cavablandırılıb.
“1971-2020-ci illərdə Azərbaycanın geoloji öyrənilməsi. II hissə (1981-2020)” elmi-tədqiqat işi çərçivəsində yerinə yetirilən işlər haqqında g.-m.ü.f.d. Şahvələd Köçərli, Milli Məlumat Mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında y.e.d. Qulam Babayev, AMEA magistraturasının təhsil sistemində baş vermiş dəyişikliklər haqqında y.e.ü.f.d. Səadət Ələkbərova, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənc alim və tələbələrin “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda keçiriləcək IX ənənəvi beynəlxalq elmi konfransına hazırlığın gedişatı haqqında g.-m.ü.f.d. Orxan Abbasov məlumat verib.
Elmi şuranın iclasında, həmçinin bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.