Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.10.2023 14:16
  • A-
  • A
  • A+

“Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda seminar keçirilib

“Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər üçün “Nüfuzlu jurnallarda məqalələrin dərc olunması qaydaları” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.

Təqdimatla çıxış edən institutun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev elektron sistem üzərindən məqalənin “Web of Science” və “Scopus” bazalarında axivləşən “Elsevier”, “Springer”, “Wiley” və “Taylor&Francis” nəşriyyatlarına aid olan jurnallara təqdim edilməsi, nəşr prosesinin bütün mərhələləri haqqında geniş izahat verərək bildirib ki, bu mövzularda keçirilən seminarların gənc alimlərin - doktorant, dissertant, magistrantlar üçün daha böyük əhəmiyyəti vardır. Çünki onlar həm nəzəri biliklər əldə etmək, həm tədqiqat aparmaq bacarıqları və vərdişləri mənimsəməklə yanaşı, həm də əldə etdikləri elmi nəticələrin məqalə şəklində yazılması və dərc edilməsi qaydalarını öyrənmiş olurlar.

Ə.Sucayev qeyd edib ki, məqalənin nüfuzlu jurnallarda nəşri - tədqiqatçının elmi fəaliyyət sahəsinin genişlənməsi və elmi səviyyəsinin artmasının, ölkənin elmi nüfuzunun yüksəlməsi və mövqeyinin möhkəmlənməsinin təmin edilməsi deməkdir.

Ə.Sucayev vurğulayıb ki, təqdim olunan məqalələrin yüksək indeksli nəşrlərdə qəbul edilməməsi mütəxəssislərimizin bir sıra hallarda öz dəyərli nəticələrini yüksək standartlar səviyyəsində hazırlayıb təqdim edə bilməməsindən, bu sahədə təcrübə çatışmazlıqlarından irəli gəlir. Bu problemləri nəzərə alaraq, keçirdiyimiz silsilə seminarlarda nüfuzlu elmi jurnallarda elmi nəticələrin dərci və bununla bağlı olan problemlər, elmi məqalənin çap üçün təqdimolunma prosesi və tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamları potensial gənc tədqiqatçılarına aşılamağa çalışırıq.

Ə.Sucayev konkret nümunələr üzrə, əyani formada nüfuzlu jurnallarda məqalə dərc etməyin qaydalarını göstərib və sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: