Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Həyat sevgisində əbədiyyət qazanmış insan
10.10.2023 11:11
  • A-
  • A
  • A+

Həyat sevgisində əbədiyyət qazanmış insan

İnsan həyatının mənası çevrəsindəki insanlardan tutmuş ölkəsinə və bütövlükdə, dünyaya hansı ölçüdə gərəkliyi ilə ölçülür. Xidmət çevrəsi böyüdükcə yaşanmış ömrün çəkisi, içtimai-bəşəri dəyəri də yüksəlir. Gərəkliliyin daimiliyi əbədiyyətə çevrilir. Bu mənada ölümsüzlüyü dünyasını dəyişəndən sonra həyatda silinməz izləri qalanlar qazanırlar. Belə dəyərli, unudulmaz soydaşlarımızın sırasında unudulmaz şərqşünas alim Aida xanım İmanquliyevanın özünəməxsus yeri var.

Aida xanım İmanquliyeva qısa ömründə bu şərtlərin ha­mısını yerinə yetirmiş, ürəklərdə özünə abidə qoymuşdu. Ölməzli­yi ölümündən sonra qoyub getdi­yi əsərləri ilə qazanan bu gözəl, nəcib xanımı, görkəmli şərqşü­nas alimi unutmaq olarmı? Ta­nınmış ziyalı ailəsində doğulub tərbiyə alması onun həyatda qa­zandığı uğurların möhkəm özülü olmuşdur. Aida xanımın görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyev kimi atası, əsilzadə ailəsindən olan Gövhər İmanquliyeva kimi müd­rik, mehriban, duyğulu, cəfakeş, tələbkar anası olmuşdur. Ulu yaradan ona hər şey bəxş et­mişdi: gözəllik, zəka, fədakarlıq, alicənablıq, yurd sevgisi, bəşəri dəyərlərə bağlılıq. 

Aida xanım Azərbaycan Döv­lət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təh­sil almış, Moskvada SSRİ Elm­lər Akademiyasının Şərqşünas­lıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdi. Elm sahəsində yeniliklərə imza atan professor, həm də yüksək idarə­çilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilirdi.

Akademik Ziya Bünyadov onun barəsində belə demişdi: “Aida xanım böyük zəhmətkeş və özünə qarşı həddindən ziya­də tələbkar bir alim olmuşdur”. Sankt-Peterburq Universitetinin professoru Olqa Frolova isə Aida xanımla bağlı söyləmişdir: “Bütün ərəb dünyası alimləri professor Aida İmanquliyevanın əsərlərini oxuyur və onu ehtiramla yad edir­lər. Onlar məhz bu əsərlərdən öz yaradıcılıqları, Afrika, Asiya və demək lazımdır ki, dünyanın bütün ölkələrinin yazıçılarını öy­rənmək, başa düşmək üçün güc alırlar”.

SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasi­ya Komissiyasının qərarı ilə ona “Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilmişdi. Aida İmanqu­liyeva Azərbaycanda ilk qadın - ərəbşünas elmlər doktorudur. O, milli şərqşünaslıq elmini xari­ci ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda yük­sək səviyyədə təmsil etmişdir. Dünya şərqşünaslığında ərəb məhcər ədəbiyyatının ən tanın­mış tədqiqatçısı olan Aida xanım bu problemə “Mixail Nuaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı­nın korifeyləri” monoqrafiyalarını və 70-dən artıq elmi məqalə həsr etmişdir. 

Aida xanımın rəhbərliyi ilə Şərq filologiyası ilə bağlı toplular və ərəb ədəbiyyatı nümunələ­rinin tərcümələri kitab şəklində işıq üzü görmüşdür. “Yeni ərəb ədəbiyyatının korifeyləri” adlı fun­damental əsər rus, Azərbaycan, türk təşkilatı tərəfindən ərəb dilin­də nəşr edilmişdir.

O, keçmiş SSRİ-də Ümu­mittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiy­yatlarının tədqiqi üzrə Ümumitti­faq Koordinasiya Şurasının üzvü olmuşdur. Aida İmanquliyeva 1991-ci ilin avqustundan Şərq­şünaslıq İnstitutunda direktor və­zifəsini icra etməyə başlamış və həmin ilin dekabrında isə direktor vəzifəsində çalışmışdır.

Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyət­lə də məşğul olmuşdur. O, Azər­baycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs demişdir. Aydın məntiqi, fitrətən xəlqiliyi, həssaslığı, dəqiqliyi və ən baş­lıcası, xeyirxahlığı onu hamının gözündə ucaltmışdır. Aida xanım yenilik duyğusuyla hər gələn sa­bahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan elm, təhsil fədaisi, Azərbaycan el­minin, təhsilinin, maarif və mədə­niyyətinin əsl cəfakeşi olmuşdur.

Dahi Sokratdan soruşurlar: İnsanda ən çox nəyi qiymətlən­dirirsən? “İnsaniyyəti”, - deyə Sokrat cavab verir. “Bəs insa­niyyət deyəndə nəyi başa düşür­sən?” sualına isə “İnsana layiq olan keyfiyyətləri”, - deyə cavab verir. Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məh­rum edə bilməmişdi. O, hər şey­dən əvvəl öz ailəsinə bağlı gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Nərgiz və Mehriban xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olmuş, onları həyata yetkin insanlar kimi hazır­lamışdır.

Aida xanım istedadı, xe­yirxahlığı, nəcibliyi, mərdliyi, sa­dəliyi, Vətənə sədaqəti, insanlara sevgisi ilə hər zaman seçilmiş, ucada dayanmışdır. Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər Aida xanımda ən yüksək təcəssümünü tapmışdı. 

Professor Nərgiz Paşayeva­nın çıxışında qeyd edildiyi kimi: “O, doğrudan da, parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. Onun zahiri gözəlli­yi müqabilində çox zəngin daxili aləmi var idi. Bu insan, doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O, göründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi baca­ran insanlardan idi. Əlbəttə, o, bizim ailəmizin və başımızın tacı olub. O, bizim ürəyimizin məlhə­mi olub”. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə Aida xa­nım haqqında belə yazır: “Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan elminin düşüncələri­nin, fəlsəfəsinin, İslam aləmində yayılmasına nail olmuşdur. Bütün bu sahələrdə Aida xanımın elmi irsi bu gün də yaşayır və dövləti­mizə xidmət edir”. 

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

“Xalq qəzeti”

  • Paylaş: