Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.11.2015 16:26
  • A-
  • A
  • A+

“Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum işə başladı

“Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum işə başladı

Noyabrın 2-də Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forum işə başladı.

Forumun açılış mərasimində çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə “Akademik Elm Həftəliyi – 2015” Beynəlxalq Multidissiplinar Forumun əhəmiyyətini vurğulayaraq bildirdi ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunan bu tədbir Akademiyanın 70 illiyinə böyük töhfədir.

Forumun dünyanın müxtəlif ölkələrindən olan gənc alimlərin, ziyalıların birgə müzakirə aparmaları baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyən AMEA prezidenti akademiyada ilk dəfə olaraq bu Forum çərçivəsində interaktiv müzakirələrin təşkil olunacağını da dəqqətə çatdırdı.  Qeyd etdi ki, müzakirələrin əsas məqsədi respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələri ilə mövcud problemləri təhlil etmək və həlli yollarına nail olmaqdır. Elmin aktual mövzularında hazırlanacaq müzakirələrə ölkəmizin tanınmış elm və ictimaiyyət nümayəndələri ekspert qismində cəlb olunublar.

Akademiyada 2015-ci ildə ilk dəfə olaraq magistraturaya qəbulun elan olunduğunu söyləyən akademik Akif Əlizadə hazırda AMEA-da 156 magistrın müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərdiyini diqqətə çatdırdı.

AMEA rəhbəri bildirdi ki, forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidisiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkəmizdə elmin inkişafına göstərilən diqqət və qayğıdan söz açdılar, Forumun işinə uğurlar azuladılar.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında qeyd etdi ki, “Akademik Elm həftəliyi-2015” multidisiplinar forumun keçirilməsinin əsas məqsədi gənc alim və mütəxəssislərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək verməkdir.

Forum panel müzakirələrlə öz işini davam etdirdi.

Qeyd edək ki, noyabrın 3-də və 4-də təşkil olunacaq bölmə iclaslarında ümumilikdə 150 məruzə dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: