Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

“Çox yaxın zamanda Füzuli rayonu işğaldan əvvəlki görkəmini yeni dövrün çağırışlarına uyğun formalaşdıracaq”
13.10.2023 12:25
  • A-
  • A
  • A+

“Çox yaxın zamanda Füzuli rayonu işğaldan əvvəlki görkəmini yeni dövrün çağırışlarına uyğun formalaşdıracaq”

Məlum olduğu kimi, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə həmin ilin oktyabrın 17-də Füzuli rayonunun 18 kəndi və Füzuli şəhəri erməni işğalından azad edilib.

Bu il Füzulinin işğaldan azad olunmasından 3 il ötür. Bu münasibətlə əslən Füzulidən olan görkəmli alimimiz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru,“Tərəqqi” medallına, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna layiq görülmüş, professor Tərbiz Əliyev suallarımızı cavablandırıb.

Qeyd edək ki, Təbriz Əliyev Beynəlxalq İnformatizasiya, Eko-energetika, Ukrayna Texnologiya və Rusiya Təbiət Elmləri akademiyalarının həqiqi üzvü, Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun fəxri professorudur. O, Avropa Elmi-Sənaye Konsorsimunun mükafatlar üzrə Departamentinin nüfuzlu komissiyasının qərarı ilə “Adam Smit” qızıl medalına, adıçəkilən konsorsium ilə Rusiya Təbiətşünaslıq Elmləri Akademiyasının birgə təsis etdiyi “Əməkdar elm və təhsil xadimi”,“Əməkdar elm və texnika xadimi” fəxri adlarına, eləcə də V.İ.Vernadski adına qızıl medala, “Əmək və Bilik”, “Bərabərlər arasında birinci” ordenlərinə layiq görülüb. Alim 350-ə yaxın elmi əsərin, o cümlədən 60-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti, analitik icmalın müəllifidir. Onun elmi rəhbərliyi ilə 50-dən çox fəlsəfə və bir elmlər doktoru hazırlanıb, Təbriz Əliyev 47 dissertasiya işinə opponentlik edib.

Müsahibəni təqdim edirik:

- Tərbiz müəllim, öncə apardığınız tədqiqatların əsas istiqamətləri, əldə etdiyiniz elmi nəticələr barədə məlumat verməyinizi istərdik.

- İqtisadiyyat İnstitutunun elmi fəaliyyəti “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas hədəflərinin icrası ilə əlaqədar “Orta və uzunmüddətli dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın milli prioritetlərinin reallaşdırılması” istiqamətlərinin əhatə dairəsini özündə ehtiva edir. İnstitutda rəhbərlik etdiyim Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı şöbəsinin əməkdaşları öz elmi tədqiqatlarını adıçəkilən Milli Prioritetlərin beş əsas hədəflərindən biri kimi çıxış edən “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” istiqaməti üzrə aparırlar. Əsas diqqət biznes mühitinin innovasiya mexanizmləri əsasında yaxşılaşdırılması istiqamətinə yönəldilib. Bu tədqiqatlar arasında ölkəmizdə mövcud biznes mühitinin təşkilati-iqtisadi və təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, dövlət-özəl və işgüzar tərəfdaşlıq əlaqələrinin, bərk tullantıların təkrar emalında biznes fəaliyyətinin genişləndirilməsi, kadr təminatının yaxşılaşdırılması, sertifikatlaşdırma prosesinin təkmilləşdirilməsi, eləcə də biznesin təşkili üzrə beynəlxalq təcrübələrin Azərbaycanda istifadə imkanları ilə bağlı tədqiqatlara xüsusi önəm verilir.

- Ölkəmizdə ilk dəfə olaraq sizin müəllifliyinizlə 1984-cü ildə Azərbaycan dilində “İstehsalın idarə edilməsinin əsasları” adlı dərs vəsaiti nəşr olunub. Bu dərs vəsaitinin nəşri həmin dövr üçün nə kimi əhəmiyyət kəsb edirdi?

- Həmin dövrdə keçmiş SSRİ məkanında bir-birinin ardınca sənaye sahələrinin idarəetmə sisteminin təkmilləşdirilməsinə dair çoxsaylı qərarlar qəbul edilirdi. Lakin həmin qərarların məzmunu, hədəfləri və icrası kontestində ali təhsil ocaqlarında hər hansı bir proqram tədris edilmirdi. Odur ki, İttifaqın Təhsil Nazirliyi müttəfiq respublikaların təhsil sistemində də istehsalın idarə edilməsi fənninin tədrisinin vacibliyi aktuallaşdığından həmin ilk dərsliyin yazılmasına qərar vermişdir. Həmin fənni Azərbaycan Dövlət Neft Akademiyasında tədris edirdim. Respublika Ali Təhsil Nazirliyinin tövsiyələri əsasında yazılan həmin dərs vəsaiti 10 ildən çox bir dövrdə mühüm mənbə kimi tədrisdə istifadə edildi.

Dərs vəsaitinin çapa hazırlanmasında başlıca məqsəd – tələbələri milli dildə sənaye müəssisələrinin və orada istehsalın idarə edilməsinin nəzəri-metodoloji və praktiki aspektlərinin öyrədilməsinə hədəfləmək, onlara idarəetmə, kargüzarlığın  təşkili, rəhbərliyin iş üslubu və metodları, sərbəst qərar qəbul etmək, planlaşdırmaq, nəticələrə qiymət vermək, yaranan riskləri neytrallaşdırmaq bacarıqlarını aşılamaqdan ibarət olmuşdur.

- Bildiyimiz kimi, müəllifi olduğunuz “Heydər Əliyev dühasına iqtisadçı baxışı” adlı kitab bu yaxınlarda işıq üzü görüb. Kitabda Ulu Öndər Heydər Əliyevin dühası hansı istiqamətlər üzrə şərh olunur?

- Həmin kitabın ərsəyə gətirilməsinin əsas səbəbi Ulu Öndərə olan dərin hörmət və sədaqətdir. Zənnimcə, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində respublika iqtisadiyyatının tənəzzüldən tərəqqiyə çatmasında, onun beynəlxalq nüfuzunun artmasında, parçalanmaqdan xilas olunmasındakı rolunu çox çətin hesablanan analitik-düsturla qiymətləndirmək belə mümkün deyil. Mənim Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin məntiqi nəticələrinə dair 20-də çox məqaləm, çıxışlarım və müsahibələrim var. Bundan başqa, Ukraynada 145 ildən çox bir dövrdə nəşr edilən “Економист” jurnalının tam bir nömrəsinin Ulu Öndərin 90 illik yubileyinə həsr edilməsinin təşəbbüskarı olmağımdan və materialların toplanıb çapa hazırlanmasındakı iştirakımdan qürur duyuram. Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində bütün bunları bir kitab-topluda cəmləşdirmək və onların əhatə dairəsi kontekstində ölkə iqtisadiyyatında baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini, artan beynəlxalq nüfuzunu, innovativ inkişafını, Qarabağda əldə edilən möhtəşəm qələbəni, orada görülən möhtəşəm tikinti-quruculuq işlərini tarixin yeni səhfəsində oxuculara çatdırmaqla iqtisadçı alim mövqeyimi ortaya qoymağa çalışmışam.

Bu kitab-topluda dünya liderlərinin Ulu Öndər Heydər Əliyev haqqında fikirləri, Ümummilli Liderin 200 müdrik kəlamı və arzuları, onun iqtisadçılara verdiyi qiymət, görkəmli dövlət xadiminin 90 illik yubileyinə həsr edilən xarici jurnal, Heydər Əliyev Fondu və Mərkəzi haqqında qısa məlumat, müəllifin onun fəaliyyətinə həsr etdiyi nüfuzlu yerli və xarici jurnallarda dərc edilən məqalələri, respublika və beynəlxalq səviyyəli konfranslardakı çıxışları, KİV-də verdiyi müsahibələr yer almışdır. Həmin tədqiqatların məntiqi məzmunundan irəli gələn – Heydər Əliyevin ölkə sənayesinin innovativ inkişafında rolu, iqtisadçı-mühəndis kadrların hazırlanması, neft strategiyasının formalaşdırılması, onun həyata keçirilməsinin sosial-iqtisadi nəticələri, biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı modelinin tətbiqi və inkişafı əsasında son 20 ildə makro və mikro idraəetmə səviyyələrində qazanılan nailiyyətlər haqqında reallıqlar və faktlar geniş təhlil və şərh edilmiş, növbəti onilliklərdə ölkə iqtisadiyyatının inkişafına dair strateji hədəflə təsnifləşdirilmişdir.

Kitab Heydər Əliyev irsini öyrənib təbliğ edən ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı aspektlərinin tədqiqi ilə məşğul olan mütəxəssislər, elmi işçilər, doktorantlar və bütövlükdə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

- Fəaliyyət göstərdiyiniz İqtisadiyyat İnstitutunda işğaldan azad olunmuş ərazilərimizin elmi problemlərinin araşdırılması istiqamətində nə kimi işlər görülür? Bu istiqamətlər arasında Füzulinin hansı elmi problemləri yer alıb?

- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ilə şanlı Ordumuz 44 gün davam edən müharibə nəticəsində 30 il ərzində işğalda saxlanılan Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra qarşıda duran başlıca məqsəd və vəzifə bu əraziləri bərpa edib əhalini orada məskunlaşdırmaq olmuşdur.

Bu istiqamətdə müvafiq araşdırmalar aparmaq məqsədilə hələ 2020-ci ilin sonunda İqtisadiyyat İnstitutunda “Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi” yaradılmışdır.

Mərkəzin əməkdaşları, ilk növbədə, Azərbaycan Diplomatiya Akademiyası ilə birlikdə keçmiş məcburi köçkünlər və qaçqınlar arasında bir neçə variantda sorğu keçirmiş, ərazilərin bərpasından sonra potensial məskunlaşacaq əhalinin sayını və sosial-demoqrafik tərkibini öyrənərək nəticələri hökümətə təqdim etmişlər. Bunlarla yanaşı, mənim tərəfimdən hazırlanan və 2020-ci ilin sonunda geniş oxucu kütləsinə təqdim edilən “Azərbaycanda işğaldan azad edilən ərazilərdə sahibkarlığın mütərəqqi menecment formaları əsasında inkişaf istiqamətləri” adlı məqalə, bir il sonra şanlı qələbənin ildönümünə və Prezident İlham  Əliyevin 60 illik yubileyinə həsr edilən, rus və ingilis dillərində böyük tirajla nəşr olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının bərpası” adlı monoqrafiyam dünyanın 20-dən çox ölkəsinə göndərilmiş və Almaniyanın dövlət kitabxanasının katoloqunda yer almışdır.

Həmin məqalə və monoqrafiyada, eləcə də adıçəkilən Elmi Mərkəzin tədqiqatlarında Füzuli rayonunda geniş innovativ infrastrukturun (“Ağıllı şəhər”, “Ağllı kənd” layihələrinin, dəyər zənciri prinsiplərini özündə ehtiva edən müxtəlif tipli aqroparkların, texnoparkların, sənaye və xidmət məhəllələrinin, müştərək, müasir aqrar-emal müəssisələrinin, sərhəd azad ticarət zonasının loqistika şəbəkələrinin, KOB evinin, ASAN və DOST xidməti mərkəzlərinin, peşə təhsili məktəblərinin, müasir tipli ət kəsimi, emal və satış məntəqələrinin, kənd təsərrüfat yönümlü analiz laboratoriyalarının, nüfuzlu turizm və sığorta şirkətlərinin filiallarının və rayonun spesifik xüsusiyyətinə uyğun digər fərdi, mikro, kiçik və orta sahibkarlıq subyektləri) yaradılmasının məqsədəuyğunluğu iqtisadi cəhətdən əsaslandırılmışdır.

- Bu günlərdə Füzuli rayonunda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı konfransda “Neft strategiyası Azərbaycanın dinamik iqtisadi inkişafının və tarixi zəfərimizin təminedicisidir” mövzusunda geniş məruzə ilə çıxış etmisiniz. Bir qədər də bu barədə məlumat verməyinizi istərdik.

- Bəli, konfransda çıxış etmək üçün dəvət aldıqdan sonra sentyabr ayının 19-da Füzuli rayonuna ezam edildim. Həmin gün ora çatanda artıq sonuncu hərbi əməliyyat başlamışdı. Mənə konfransın təxirə salına biləcəyi və geriyə qayıtmağım təklif edildi. Lakin doğulub, boya-başa çatdığım kəndimdə qalmaq qərarını verdim, hətta hərbi geyim də tapıb geyindim. Son günlər baş verən hadisələrin gedişatını təhlil edərkən belə qənaətə gəlmişdim ki, Qarabağın işğalda qalan ərazisi ən qısa müddətdə azad ediləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, böyük sərkərdəlik və diplomatik məharəti nəticəsində şanlı ordumuz 23 saat 44 dəqiqə ərzində düşməni ağ bayraq qaldırıb təslim olmağa məcbur etdi. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam, əbədi təmin olundu. İtkilərimiz də oldu. Bu, müharibənin amansız qaydasıdır. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əldə edilən qələbə nəzərdə tutulan konfransın sentyabr ayının 21-də keçirilməsinə imkan yaratdı.

Konfrans başlamazdan əvvəl rayonun bir qrup ziyalısı ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramımızı ifadə etdik.

Tədbirin açılışında Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ümummilli Liderin uğurlu neft strategiyasından bəhs edən videoçarx nümayiş olundu.

Konfransdakı çıxışım zamanı “Əsrin müqaviləsi” əsasında formalaşan neft strategiyasının icrasının ölkəmizin və Füzuli rayonun dinamik sosial-iqtisadi inkişafına verdiyi töhfəni real statistik rəqəmlərlə şərh edərək onun tarixi zəfərimizin təminedici rolu haqqındakı müddəalarını konfrans istirakçılarının diqqətinə çatdırdım. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, hazırda Qarabağ iqtisadi rayonuna daxil edilən Füzuli rayonu ərazi vahidi kimi 1827-ci ildə Qarabulaq adı ilə, rayon kimi isə 1930-cu ildə formalaşmışdır. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinin şərəfinə 1959-cu ildə Füzuli rayonu adlandırılmışdır. Hazırda rayonun ərazisi 1,39 min kv.km., əhalisinin sayı isə 144 min nəfərə yaxındır.

Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonu 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndi də daxil olmaqla işğal edilmiş, bu yerlərin sakinləri öz doğma yurd-yuvasından didərgin salınmışdır. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilərək dağıdılmış və yandırılmışdır. Füzuli rayonunun ərazisi 45-ə yaxın tarixi, mədəniyyət və memarlıq, dini abidələr, mağara və kurqanlar, çoxlu sayda türbə, karvansaray, məscid, ziyarətgah, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. Rayon ərazisində mişar daşı, gil, qum, çınqıl və s. bu kimi zəngin faydalı qazıntı yataqları mövcuddur.

Ulu Öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbiçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddət ərzində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi işğaldan azad edilib və 1996-cı ildən başlayaraq rayonun həmin ərazilərində infrastrukturun bərpasına başlanılıb. Ötən dövr ərzində təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Ərazidə məskunlaşmış 70 min nəfər əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları həll edilib. 2003-cü ildə prezident seçkiləri ərəfəsində "Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq", - deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində məcburi köçkünlər üçün 16 qəsəbə salınıb. Horadiz qəsəbəsinə şəhər statusu verilib, işğal nəticəsində dağıdılmış minlərlə ev bərpa edilib, rayonun kənd və qəsəbələrində abadlıq və yaşıllaşdırma işləri aparılıb, park və xiyabanlar salınıb ki, onlar da müasirliyi, gözəlliyi və təmizliyi ilə diqqəti cəlb edir. Horadiz respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib.

İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən 3 il ərzində rayon  ərazisində dünya standartlara uyğun beynəlxalq, respublika və yerli əhəmiyyətli çoxsaylı yeni avtomobil yolları inşa edilib. Hazırda Horadiz-Ağbənd dəmir yolunun inşası uğurla davam etdirilir. Çox qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanı, rayon ərazisində tikilən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi də öz möhtəşəmliyi və müasirliyi ilə seçilir.

Təkcə 2005-2022-ci illərdə rayonda sənaye müəssisələrinin sayı 5 dəfə artaraq 15 vahidə çatmışdır. Həmçinin orada istehsal edilən sənaye məhsulunun həcmi çox yüksələn xəttlə artaraq 22,6 min manata çatmışdır. Hazırda rayonda 131 nəfər fərdi sahibkar sənaye fəaliyyəti ilə məşğul olur.

Qeyd edilən dövrdə rayon ərazisində Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi, yeni məktəblər, Diaqnostika Tibb Mərkəzi, Şahmat klubu, Gənclər Mərkəzi, İdman kompleksi, Diyarşünaslıq muzeyi, Xalça fabriki və digər yeni sahibkarlıq subyektləri fəaliyyətə başlayıb, 12,4 min yeni iş yeri yaradılıb. Yaşayış məntəqəsinin qaz, işıq və su təchizatı tam təmin edilib.

Son 27 il ərzində neft-qaz satışından əldə edilən gəlirlərin dövlət büdcəsinə daxil olan hissəsindən Fizuli rayonunda qeyd edilən möhtəşəm tədbirlərin icrasına 5,0 mlrd man. vəsait xərclənib.

Bu gün təsdiq edilmiş Baş Plana uyğun olaraq Füzuli şəhərində müasir yaşayış binalarının inşası davam etdirilir. Son 10 günlüklər ərzində sakinlər həmin evlərdə məskunlaşırlar. Rayon ərazisində “Ağıllı kənd” konsepsiyası da icra edilir, yeni sosial layihələr reallığa çevrilir.

Bütün bunlar onu göstərir ki, çox yaxın zamanda Füzuli rayonu işğaldan əvvəlki görkəmini yeni dövrün çağırışlarına uyğun dəyişdirəcək, dinamik sosial-iqtisadi inkişafa qədəm qoyacaqdır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: