Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.10.2023 19:35
  • A-
  • A
  • A+

AMEA-da Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş tədbir keçirilib

AMEA-da Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 16-da AMEA Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmər Akademiyası və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “500 illik uğurlu diplomatiya: keçmişdən bu günə Türk Xarici İşlər Təşkilatı” mövzusunda panel və sərgi keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, bir sıra diplomatik qonaqlar, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə diplomatiyasının 500 illiyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türk Xarici İşlər Təşkilatının hələ 500 il bundan öncə başlayaraq ölkənin xarici siyasətinin möhkəm təməllər üzərində atılması istiqamətində önəmli qərarlar qəbul etdiyini deyib. Bildirib ki, məhz bunun nəticəsində qardaş Türkiyə bu gün dünyada söz sahibi olan, beynəlxalq arena üçün həlli vacib məsələləri həll edən ölkəyə çevrilib.

Akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaltması ilə ölkəmizin suverenliyinin tam bərpa olunduğunu bildirib. Qeyd edib ki, oktyabrın 15-i Azərbaycan tarixində həm Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi, həm də Xankəndidə, Xocalıda və digər ərazilərdə Azərbaycan bayrağının dalğalanması kimi əbədi öz yerini aldı. Akademik İsa Həbibbəyli çoxminlik AMEA kollektivi və tədbir iştirakçıları adından ölkə başçısına Azərbaycan xalqına yaşatdığı bu möhtəşəm Zəfərlər münasibətilə minnətdarlığını ifadə edib.

AMEA rəhbəri Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq bağlarına toxunaraq, Qarabağ məsələsində və Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyini xüsusi vurğulayıb: "Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının həm dövlət səviyyəsində, həm də xalq, millət səviyyəsində təsdiqinin şahidiyik. Biz, sözün əsl mənasında bütün dünyada alternativ modeli olmayan qardaş dövlətlərik".

Prezident İlham Əliyevin daim öz çıxışlarında ölkəmizin qardaş Türkiyə ilə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirən AMEA rəhbəri, həmçinin Vətən müharibəsində və ondan sonrakı proseslərdə Türkiyə Prezidenti tərəfindən göstərilən siyasi və mənəvi dəstəyi xüsusi vurğulayıb.

AMEA prezidenti diqqətə çatdırıb ki, Türkiyənin xarici siyasətində Türk dünyası ilə əlaqələr də mühüm yer tutur və son illərdə Azərbaycan-Türkiyə Prezidentlərinin səyləri nəticəsində Türk Dövlətləri Təşkilatı, türkdilli ölkələr arasında əlaqələr özünü ən pik dövrünü yaşayır.

Akademik İsa Həbibbəyli Türkiyə diplomatiyasının 500 illik tarixinin Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə təsadüf etməsini əlamətdar hadisə olduğunu bildirib.

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı tədbirin Birinci Türkoloji Qurultayın keçirildiyi bu salonda baş tutmasının tarixi əhəmiyyəti olduğunu deyib və yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Xocalıda Azərbaycan bayrağının ucaldılması münasibətilə xalqımızı təbrik edən səfir Cahid Bağcı bu tarixi hadisəni bütün Türk dünyasının həsrətlə gözlədiyini söyləyib və qeyd edib ki, Xankəndidə və Xocalıda yüksəldilən Azərbaycan bayrağı heç vaxt enməyəcəkdir.

Bu gün Türkiyənin 260-dan çox diplomatik missiyasının dünyanın hər yerində uğurla fəaliyyət göstərdiyini deyən səfir qardaş ölkənin qlobal və regional xarici siyasətə böyük önəm verdiyini, dünyada diplomatik təmsilçiliyinə görə ilk beşlikdə qərarlaşdığını söyləyib. Bildirib ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin kürsüsündən heç kimin dilə gətirmədiyi problemləri ifadə etməklə, ölkəmizin gücünü hər kəsə göstərir.

Çıxışlardan sonra Dr. Telman Nüsrətoğlunun moderatorluğu ilə panel iclası keçirilib.

İclasda Türkiyə Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri Məsud Özcan, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı çıxış ediblər. Çıxışlarda türk diplomatiyasının son 500 ildə keçdiyi şərəfli yola nəzər salınıb, uğurlarından, bugünkü siyasətindən, Azərbaycan-Türkiyə münasibətlərindən danışılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: