Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
İnstitut rəhbəri, professor Zakir Eminov gündəlikdə duran məsələləri elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin 20 illiyi münasibətilə çıxış edib.
Baş direktor qeyd edib ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə üzərinə götürdüyü bütün öhdəliklərin ard-arda həyata keçirilməsinə, söz verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olub. Heç də asan keçilməyən bu yol cənab Prezidentin səyi, gərgin əməyi və əzmi nəticəsində başa gəlib. Yürütdüyü ağıllı siyasət, uzaqgörənliyi, dünyagörüşü, iqtisadi, hərbi bilik və bacarıqları onu dünya ölkələrinin prezidentləri sırasında böyük nüfuz sahibinə, ölkəmizi isə regionun lider ölkəsinə çevirib.
Çıxışını 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, - sözləri ilə bitirən baş direktor institut əməkdaşlarını, eləcə də bütün xalqımızı cənab Prezidentin üzərinə götürdüyü ən müqəddəs vəzifənin öhdəsindən gələrək Azərbaycanın bütövlüyünə nail olması münasibətilə təbrik edib.
Tədbirdə institutun Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, dosent Tofiq Qurbanov Qarabağda aparılan 24 saatlıq antiterror əməliyyatı ilə tam Qələbənin qazanılmasından ruhlanaraq qələmə aldığı qısa müraciətini oxuyub.
Sonra institutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d., dosent Habil Haqverdiyev baş direktor, coğrafiya elmləri doktoru Zakir Eminovu professor elmi adı alması münasibətilə institut kollektivi adından təbrik edib, professorun elmi və elmi-təşkilatı fəaliyyəti haqqında iclas iştirakçılarına qısaca məlumat verib. Professor Rza Mahmudov və digərləri tanınmış demoqraf alimin elmi fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra iclas işini bir sıra cari məsələlərin müzakirəsi ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.