Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.02.2025 16:10
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Akademik Ramiz Məmmədovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Coğrafiya Cəmiyyəti və AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Evrika” liseyində görkəmli coğrafiyaşünas alim, akademik Ramiz Məmmədovun anadan olmasının 75-ci ildönümü münasibəti ilə məktəblilər arasında Xəzər dənizinin öyrənilməsinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ACC-nin sədri və Coğrafiya İnstitutunun şöbə müdiri dosent Mirnuh İsmayılov, icraçı direktor dosent Zaur İmrani, elmi katib dosent Səidə Zeynalova, HİK-in sədri Kamran Ramazanlı, aparıcı elmi işçi c.ü.f.d. Natəvan Cəfərova, şöbə müdiri Xanım Rzazadə, c.ü.f.d. Xasiyət İsmətova, Soydaş İctimai Birliyinin nümayəndələri, məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Dövlət Himni səsləndikdən sonra məktəbin direktoru Ofeliya Muradova, təsisçisi Xudaqulu Rzayev, coğrafiya müəllimi Bahar İsgəndərova qonaqları salamlayaraq açılış nitqi ilə çıxış ediblər. Ardınca akademik Ramiz Məmmədovun fəaliyyətini işıqlandıran sənədli film nümayiş etdirilib. Liseydə təhsil alan akademikin nəvəsi Raul Cəfərov babası haqqında xatirələrini bölüşüb.

Sonra liseyin şagirdləri arasında “Xəzəri kəşf edək” mövzusunda müsabiqə keçirilib. 4 komandada mübarizə aparan məktəblilər Xəzər dənizi və akademik Ramiz Məmmədov haqqında biliklərini nümayiş etdiriblər. İştirakçıların biliklərini qiymətləndirən institut alimlərindən ibarət münsif heyəti qalib komandanı elan edib. Şagirdlərə hədiyyələr və sertifikat təqdim edilib.

M.İsmayılov, Z.İmrani, K.Ramazanlı çıxış edərək görkəmli xəzərşünas alim R.Məmmədovun coğrafiya elminin inkişafındakı rolundan, elmi və ictimai fəaliyyətindən, elmə verdiyi töhfələrdən və s. söhbət açıblar. Z.İmrani akademikin müəllif olduğu “Xəzər dənizinin hidrometeoroloji atlası”nı liseyə hədiyyə edib.

Akademikin qızı, tədbirin təşkilatçılarından olan Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Natəvan Cəfərova atasının xatirəsini əziz tutduqlarına və tədbirdə fəal iştiraka görə hər iki müəssisənin nümayəndələrinə özünün və ailəsinin adından təşəkkürünü bildirib.

Qarşılıqlı olaraq, liseyin direktoru O.Muradova tədbirin təşkilinə və iştiraka görə Coğrafiya İnstitutunun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib və onlara hədiyyələr təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: