Milli Azərbaycan Tarixi Muzeyində “Müstəqilliyimiz əbədidir” adlı tədbir təşkil olunub.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi açaraq tədbirin əhəmiyyətindən danışıb və Müstəqilliyimizin Bərpası Günü haqqında məlumat verib. Sonra sözügedən şöbənin əməkdaşı Aynur Babayeva fotoslayd nümayişi ilə “Müstəqillik xalqımızın ən böyük sərvətidir” adlı məruzə ilə çıxış edib.
Tədbirin ikinci hissəsində “Müstəqilliyimiz əbədidir” eyni adlı intellektual viktorina keçirilib. Maarifləndirmə-təbliğat xarakterli sözügedən bilik yarışmasında İdrak liseyinin şagirdləri “Zəfər”, “Qarabağ”, “Şuşa” adlı komandalar adı altında iştirak ediblər. Böyük rəqabət şəraitində keçirilən yarışda suallara ən tez və düzgün cavab verən “Qarabağ” komanadası qalib seçilib. İştirakçıların hər birinə muzeyin dəyərli nəşrləri hədiyyə olunub.
Sonda şagirdlərə H.Z.Tağıyevin ev-muzeyində ekskursiya keçirilib və xatirə fotosu çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.