Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.10.2023 15:58
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.

İclası açıq elan edən institutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd edib ki, iclasın gündəliyinə 2023-cü ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatının keçirilməsi, cari ildə elmi-tədqiqat işlərində alınmış mühüm nəticələrin təsdiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş institutun gənc alimlərinin müsabiqəsinin yekunları haqqında və s. məsələlər daxil edilib.

Akademik bildirib ki, sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatizmi məhv edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə bayrağımızı ucaltması Azərbaycan xalqının illərdir qəlbində dövr edən vətən yarasına məlhəm oldu: Bayrağımızın ana yurdun hər yerində dalğalanmasından böyük qürur hissi keçirdik. Müstəqilliyimizin bərpasının 32-ci ildönümü ərəfəsində Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi müstəqillik aktımızın qızıl möhürü olmaqla min illər sonra belə fəxrlə anılacaq böyük qələbədir. Müasir müstəqil Azərbaycanın bünövrəsini qoyan və onu inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik! 20 illik qısa zaman kəsiyində böyük uğurlara imza atan, Azərbaycan xalqını başı uca, qürurlu edən Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk!

Sonra akademik qeyd edib ki, illik hesabatlar əvvəlcə laboratoriyalarda dinlənilməli, sonra isə elmi katibliyə təqdim olunmalıdır. Cari ilin noyabr ayının 1-dən başlayaraq şöbə və laboratoriya müdirləri Elmi şurada hesabat verməlidirlər. Daha sonra laboratoriya və şöbələr üzrə 2023-cü ildə əldə olunmuş  muhüm nəticələr müzakirə edilərək təsdiq olunub.

Daha sonra akademik bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində institutda bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilib, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publistik məqalələri çap olunub. Bu tədbirlərin davamı kimi gənc alim və mütəxəssislər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqə artıq yekunlaşıb, nəticələr Zəfər Günü ərəfəsində elan olunacaq.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: