Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.10.2023 15:12
  • A-
  • A
  • A+

Elmi seminarda zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqədən bəhs edilib

Elmi seminarda zəlzələlər və palçıq vulkanlarının dinamikası arasında əlaqədən bəhs edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Palçıq vulkanizmi və zəlzələlər: əlaqə varmı?” adlı növbəti elmi seminar keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Respublika Seysmoloji Xidmət Mərkəzinin və Neft və Qaz İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə sözügedən müəssisədə elmi seminarların ənənə xarakteri daşıdığını və əhəmiyyətini vurğulayıb. Sonra “Ayazaxtarma palçıq vulkanının insar təhlili və 2021-ci il Şamaxı MW5 zəlzələsinə reaksiyası: seysmo-vulkanik qarşılıqlı təsirlərin anlaşılması” mövzusunda məruzə üçün sözü akademik Fəxrəddin Qədirova verib. 

Fəxrəddin Qədirov zəlzələlərin təsirləri haqqında daha ətraflı məlumat verən bir texnologiya - İnterferometrik Sintetik Diyafram Radar (InSAR) metodundan ilk dəfə istifadə haqqında məlumat verərək 2021-ci ildə Şamaxı zəlzələsi (Mw=5) ilə Ayazaxtarma palçıq vulkanı aktivliyi arasında potensial mümkün əlaqələri müəyyən etmək üçün zəlzələdən öncə, zəlzələ anında və zəlzələdən sonrakı ssenarilərin təhlili barədə danışıb. Bildirilib ki, Ayazaxtarma palçıq vulkanı ilə bağlı aparılan geniş təhlillər nəticəsində fərqli orbitlər boyunca pre-, co- və post-seysmik fazalarda əhəmiyyətli LOS dəyişiklikləri aşkar edilib. Həmçinin yeddi il ərzində Ayazaxtarma palçıq vulkanının müşahidəsi zamanı Mw=5 maqnitudlu iki seysmik hadisə qeydə alınıb. Müqayisəli analiz nəticəsində bu hadisələrin palçıq vulkanının fəaliyyətinə əhəmiyyətli təsir göstərmədiyi  müəyyən edilib. Bu onu göstərir ki, Mw≤5-ə qədər olan zəlzələlər Ayazaxtarma palçıq vulkanında əhəmiyyətli püskürmələrə səbəb ola bilməyib.

Məruzəçi interferometrik məlumatların tədqiqilə bağlı yekun nəticə kimi seysmik hadisələrlə Ayazaxtarma palçıq vulkanının deformasiyası və qarşılıqlı əlaqəsi haqqında yeni konsepsiyanın yarandığını  diqqətə çatdırıb.

Tədbirdə çoxsaylı suallar cavablandırılıb, təkliflər və mövzu ilə bağlı əlavə məlumatlar dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: