Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2023 10:34
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Geologiya və Geofizika İnstitutu Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Akif Əlizadə iclası giriş sözü ilə açaraq Tel-Əviv Universitetinin professoru həmyerlimiz Lev Eppelbaumun “Гигантская мантийная вращающаяся кольцевая структура под Восточным Средиземноморьем и прилегающими регионами и распределение сейсмичности” (“Şərqi Aralıq dənizi və ona bitişik regionların altında fırlanan nəhəng halqavari mantiya strukturu və seysmikliyin paylanması”) mövzusunda onlayn formatda elmi məruzə edəcəyini diqqətə çatdırıb. Gündəlik təsdiq olunandan sonra iclas öz işinə başlayıb. Aparılmış elmi tədqiqatlar çərçivəsində əldə edilmiş mühüm elmi nəticələr müzakirəyə çıxarılıb.

Məruzəçi Lev Eppelbaum təqdimatında bildirib ki, uzun illər GPS monitorinq ölçmələrinin, peyk qravitasiya və aeromaqnit məlumatlarının təhlilinin nəticələrinə əsasən saat əqrəbinin əks istiqamətində fırlanan nəhəng kvazi halqavari mantiya strukturunun təsiri ilə Nubiya, Sinay, Ərəbistan və Anadolu plitələrinin ərazilərini əhatə edən geniş ultra yüksək gərginlik sahəsi müəyyən edilmişdir (İcraçılar: akademik F.Ə.Qədirov (Geologiya və Geofizika İnstitutu), professor L.B.Eppelbaum (Tel-Əviv Universiteti, İsrail)).

Aşkar edilmiş strukturun yer səthinə proyeksiyası ilə bağlı paleomaqnit məlumatlarının nəzərdən keçirilməsi də onun saat əqrəbinin əksinə fırlanmasını təsdiqləyir. Petroloji, mineraloji və tektonik məlumatların hərtərəfli təhlili aşkar edilmiş dərin strukturla yer səthinə yaxın proseslər arasında əlaqə olduğunu göstərir.

Məruzədə qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin qərb hissəsinin mövqeyi fırlanan kvazi halqavari strukturun təsir zonasındadır. Tədqiq olunan regionda regional neft və qaz kəmərlərinin çəkilişi və istismarı zamanı bu fırlanma effektinin təsiri nəzərə alınmalıdır.

Akademiklər Akif Əlizadə, İbrahim Quliyev və Fəxrəddin Qədirov məruzə ilə bağlı əlavə şərhlər veriblər. Həmçinin iclas iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Geologiya və Geofizika İnstitutunda aparılmış elmi-tədqiqat işləri çərçivəsində əldə edilmiş digər mühüm elmi nəticələr də səsləndirilib.

İlk dəfə olaraq kompleks mineraloji və geokimyəvi tədqiqatlar əsasında Azərbaycanın Eosen yaşlı yanar şistlərinin əmələgəlmə şəraiti, şist neftinin yüksək potensiallığı və perspektivli sahələri (Mərkəzi Qobustanda) müəyyənləşdirilmişdir (İcraçılar: g.-m.e.d., prof. Ad.A.Əliyev, g.-m.f.d. O.R.Abbasov).

Zəlzələlərin maksimum mümkün maqnitudasının qiymətləndirilməsinin riyazi təhlilinə, titrəyişlərin intensivliyinin zəifləməsi qanununa və seysmikliyin tektonik meyarlarına əsasən, güclü zəlzələlərin ehtimal ocaqlarının diferensiallaşdırılmış ərazilərinin xəritələnməsinin inteqrə metodu işlənilmişdir (Talış zonası timsalında) (İcraçılar: y.e.e.d. Q.R.Babayev, doktorant Y.N.Əliyev, böyük lab. M.M.Əliyev).

2023-cü ildə Geologiya və Geofizika İnstitutunun doktoranturasına və dissertanturasına qəbulun yekunları haqqında y.e.ü.f.d. Səadət Ələkbərova, Dissertasiya şurasının 2023-cü ildə fəaliyyəti haqqında t.e.ü.f.d. Dilquşa Mirzəyeva, “Geoservice GGİ” Məhdud Məsuliyyətli Cəmiyyətin cari ildəki fəaliyyəti haqqında g.-m.e.n. Samir Məmmədov müfəssəl məlumat təqdim ediblər.

Geologiya və Geofizika İnstitutu gənc tədqiqatçılarının xarici ölkələrdə təcrübə keçmələrinin nəticələri haqqında təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Y.e.ü.f.d. Rafiq Səfərovun ABŞ-da Massaçusets Texnologiya İnstitutunda, doktorant Aynur Bayramovanın Avstriyanın Qrats Universitetində və doktorant E.X.Quliyevin İtaliyanın Milan-Bikokka Universitetiondə keçdikləri təcrübə müddətində əldə edilmiş nəticələr səsləndirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş gənc alim və tələbələrin “Geoinformatika, georesurslar, geoekologiya” mövzusunda IX ənənəvi beynəlxalq elmi konfransın yekunları haqqında GGİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev təqdimtla çıxış edib, sualları cavablandırıb.

Elmi şura iclasına sədrlik edən akademik Akif Əlizadə keçirilən tədbirlə bağlı iştirakçıların rəy və təkliflərini dinlədikdən sonra bildirib ki, gələcək Elmi şura iclaslarında tanınmış alimlərin, o cümlədən xaricdə yaşayan mütəxəssislərin GGİ həmkarları ilə onlayn formatda görüşlərin təşkilinə çalışacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: