AMEA-nın İctimai Elmlər Bölməsinin A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Xəliyəddin Xəlillinin “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabının müzakirəsinə həsr olunmuş elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, kitabın müzakirəsinin təşkil edilməsi dövrün çağırışlarına cavab verən aktual məsələlərdəndir. Kitabda toxunulan mövzuların milli şüur məsələsi, dövlətçiliyimizin, müstəqilliyimizin diktə etdiyi ideyalar olduğunu deyən akademik İsa Həbibbəyli qeyd edib ki, təşkil edilən bu müzakirələr Azərbaycanda milli fəlsəfənin tədqiqatlarını ortaya qoymaq üçün yeni bir başlanğıcdır.
“Bu əsəri ərsəyə gətirmək üçün həm etnoqraf, həm tarixçi, həm də filosof olmaq önəmlidir və bu baxımdan Azərbaycan elmi üçün çox əhəmiyyətlidir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
Sonra kitabın müəllifi Xəliyəddin Xəlilli vurğulayıb ki, bu gün dövrün tələblərinə uyğun olan, millətin milli şüuruna cavab verən fəlsəfə olmalı, dövlət müstəqilliyinin gətirdiyi ideyalara xidmət edən milli fəlsəfə yaradılmalıdır: “Milli fəlsəfənin formalaşmasında filosoflar arasında kommunikativ əlaqələrin sistemli olması əhəmiyyətli rol oynayır. Bu baxımdan Azərbaycan milli fəlsəfəsinin mahiyyəti, məzmunu və məqsədlərinin müəyyənləşməsi üçün öncə tədqiqatçıların kommunikativ əlaqələrini gücləndirmək lazımdır. Fəlsəfi baxımdan digər əhəmiyyətli məqam cəmiyyətin Azərbaycan filosoflarının ideyaları ilə tanışlığıdır. Bu istiqamətdə də görüləsi işlər çoxdur. Azərbaycan filosoflarının əsərlərinin oxunması və ideyaların müzakirəsi vacib faktordur.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, professor İlham Məmmədzadə, elmi işçisi, fəlsəfə elmləri doktoru Əbülhəsən Abbasov, şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov, Abbasqulu Ağa Bakıxanov adına Tarix institutunun baş elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov, həmin institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Mübariz Ağalarlı, tarix üzrə fəlsəfə doktoru, dosent Ramin Ağayev, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və başqaları kitab haqqında çıxış ediblər. Qeyd olunub ki, Zəfər çalmış xalqımızın tarixi fəlsəfəsini yazmaq günümüz, xalqımız və dövlətimiz üçün çox önəmlidir, çünki bu tarixi Qələbədən sonra xalqın düşüncə tərzi, inam tərzi dəyişdi. Diqqətə çatdırılıb ki, bu monoqrafiya Azərbaycan milli fəlsəfəsinin elmi-nəzəri aspektlərinin tədqiqi istiqamətində işıq üzü görən əhəmiyyətli əsərlərdən biridir. Əsərdə fəlsəfi, tarixi, metodoloji istiqamətləri əhatə edən çoxsaylı elmi-informativ məlumatlara rast gəlinməkdədir. Müəllif bu monoqrafiyasında Azərbaycanda fəlsəfi fikir tarixinə nəzər yetirərək, bu sahədə öz qənaətlərini qeyd etmiş, tarixin fəlsəfəsi haqqında əhəmiyyətli müqayisələr aparmış, həmçinin sovet dövründə Azərbaycan tarix elminə təlqin edilən metodoloji istiqamətlərin tənqidinə də yer ayırmışdır.
Sonda çıxış edən iclasın sədri, akademik Nərgiz Axundova dosent Xəliyəddin Xəlillinin “Çarəsiz qalanda insanlığın sığındığı fəlsəfə” kitabının müstəqilliyimizin yaratdığı ideyalardan ərsəyə gəldiyini, onu müzakirəsinin milli fəlsəfənin inkişafına təkan verəcəyini söyləyərək seminara yekun vurub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.