Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevlə görüş keçirilib
30.10.2023 16:11
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun partiya fəalları ilə görüş keçirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, partiya fəalları və aidiyyəti şəxslər iştirak ediblər.

Akademik Dilqəm Tağıyev görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və suveren hüquqlarımızın bərpa edilməsi ilə Azərbaycan xalqının, eyni zamanda Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm Qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsi, Böyük Qayıdışın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi Yeni Azərbaycan Partiyası tərəfindən strateji prioritetlər kimi müəyyənləşdirilib.

Yeni Azərbaycan Partiyasının VII Qurultayının əhəmiyyətindən bəhs edən B.Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Qeyd olunub ki, cari ilin oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli Dövlət Bayrağımızın ucaldılması xalqımız tərəfindən ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı.

Görüşdə çıxış edən partiya üzvləri - Füzuli rayon sakini Zülfiyyə Məmmədova, Zəngilan rayon sakini Oruc Kərimli, institutun laboratoriya müdiri, k.e.d. professor İxtiyar Bəxtiyarlı, Qadınlar Şurasının sədri, dossent Esmira Quluzadə və Təranə Bağırova qeyd ediblər ki, Azərbaycan mütərəqqi yolla inkişaf edir və ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Prezident cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq, həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Vətəndaşların rifahının yaxşılaşdırılmasını başlıca vəzifəsi hesab edən ölkə başçısı onların sosial, iqtisadi əmin-amanlıqlarını qoruyan sistemin möhkəmlənməsi üçün cəmiyyətin bütün sferalarında geniş islahatlar aparır.

Görüşdə qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: