Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Alptekin Cihangir İşbilir bir qrup azərbaycanlı ziyalılarla görüşüb.
Görüşdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, professor Fərrux Rüstəmov və başqaları iştirak edib.
Görüş zamanı Azərbaycan-Türkiyə elmi-ədəbi və təhsil əlaqələrinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli tərtibçisi olduğu Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini Cihangir İşbilirə təqdim edib.
Səmimi görüş üçün təşəkkür edən Cihangir İşbilir ölkəmizdəki diplomatik fəaliyyətindən söhbət açıb. Türkiyə-Azərbaycan münasibətlərinin sarsılmaz dostluq və qardaşlıq təməlləri üzərində qurulduğunu, bu əlaqələrin inkişafında elmin, təhsilin əhəmiyyətindən danışıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi xüsusi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.