Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.10.2023 14:17
  • A-
  • A
  • A+

MEK-də “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriya keçirilib

MEK-də “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriya keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Zəfərin üçüncü ildönümü münasibətilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı lektoriya keçirilib.

Lektoriyada Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Yasamal rayon təşkilatının sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin nümayəndəsi, AMEA-nın institutlarının rəhbərləri, millət vəkilləri, Qarabağ müharibəsi iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından danışıb: “Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Bu gün hamımız artıq bütövləşmiş, öz suverenliyini tam bərpa etmiş bir ölkənin vətəndaşı kimi böyük qürur hissi duyuruq”,- deyə baş direktor əlavə edib.

Millət vəkili, professor Anar İsgəndərov çıxışında tarixən ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlara toxunub, Ulu Öndərin hakimiyyətə gəlişi ilə balanslaşdırılmış siyasətinə diqqət yetirib. Eləcə də düşmənin əsrlər boyu həyata keçirdiyi soyqırım siyasətinin cavabsız qalmadığını, tarixdən ibrət götürən Azərbaycan xalqının heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışmadığını vurğulayıb: “Heydər Əliyevin 100 illiyində ona verilən ən böyük töhfə Azərbaycanın suverenliyidir. 2023-cü il həm Heydər Əliyevin, həm Ali Baş Komandan İlham Əliyevin və bütün Azərbaycanın ilidir”, - deyə Anar İsgəndərov qeyd edib.

Tədbirdə millət vəkili Arzu Nağıyev I Qarabağ iştirakçısı olaraq bugünkü Azərbaycan Ordusununun qüdrətindən danışıb, qazanılan Zəfərlə zabit şərəfinin geri qaytarıldığını vurğulayıb,  müharibə iştirakçılarına, ailə üzvlərinə dövlət qayğısından bəhs edib.

Şəhid Nurlan Mustafayevin anası “Tərəqqi” medalı ilə təltif olunmuş Rəhilə Mustafayeva bu Zəfərlə əsrlərin qisasının alındığını və bütün şəhidlərlə qürur duyduğunu qeyd edib.

Müasir və qüdrətli Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin siyasətinin başlıca prinsiplərini təhlil edən Qafqazşünaşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü,  millət vəkili Musa Qasımlı bu uğurlu siyasətin nəticəsi olaraq Ümummili Liderin torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı mübarizənin onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən zəfərlə başa çatdırılmasından danışıb.

Lektoriyada Ulu Öndər Heydər Əliyevin hərb siyasəti haqqında videoçarx nümayiş olunub, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış keçirilib.

Bədii hissə ilə davam edən tədbirdə Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Mirələm Mirələmov, Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Mustafazadənin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, Ağdam rayon 33 nömrəli tam orta məktəbin şagirdlərinin şeirləri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: