Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2023 11:19
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Polimer Materialları İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu (PMİ) ilə Sumqayıt Dövlət Universiteti (SDU) arasında kadr hazırlığı və elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə PMİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, SDU-nun  rektoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov, hər iki müəssisənin  nümayəndə heyəti, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov və başqaları iştirak ediblər.

Universitetin rektoru Rüfət Əzizov qonaqları salamlayaraq onları sözügedən müəssisədə görməkdən məmnunluğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, təhsil və tədris prosesi, kadr hazırlığı, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və innovativ metodların tətbiq edilməsi istiqamətlərində aparılan islahatlar barədə məlumat verib. İmzalanan memorandumun təhsil sisteminin prioritet məsələlərindən olan elm və ali təhsilin inteqrasiyası prosesinə təkan verəcəyini xüsusi ilə vurğulayıb.

Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov çıxış edərək səmimi qəbula görə SDU-nun rektoru Rüfət Əzizova təşəkkürünü bildirib, universitetin təhsil modelini yüksək qiymətləndirərək müasir texnologiyaların tətbiqinin tədrisin keyfiyyətinin yüksəldilməsində önəmli amil olduğunu bildirib. Rəhbərlik etdiyi institutun ali məktəblərlə, o cümlədən SDU ilə əməkdaşlığının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb, tələbələrin universitetdə əldə etdikləri biliklərini elmi tədqiqatlarla əlaqələndirmələri üçün institutda hər cür şəraitin olduğunu qeyd edib. Yeni imzalanan memorandumun iki müəssisə arasında aparılacaq elmi-tədqiqat işlərinin yeni perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyəti olacağına əminliyini bildirib. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Samir Həmidov çıxış edərək universitet və institut arasında əlaqələri inkişaf etdirmək üçün bu görüşün əhəmiyyətini və əməkdaşlığın daha da genişlənəcəyinin mümkünlüyünü söyləyib.

Qeyd edək ki, Anlaşma Memorandumu tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi, təcrübə və informasiya mübadiləsi, qarşılıqlı anlaşma, yüksəkixtisaslı kadrların hazırlanması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

Sonda memorandumun detalları, gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: