Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun bir qrup əməkdaşı Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Hərb Tarixi Muzeyini ziyarət ediblər. Zəfər Günü ərəfəsində təşkil olunan görüşdə əməkdaşlara ilk olaraq açıq havada sərgilənən hərbi texnikalar haqqında məlumat verilib. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun döyüşlərdə idarə etdikləri tank nümunələri qonaqlara nümayiş olunub.
Fizika İnstitutunun əməkdaşları “Qədim və orta əsrlər”, “1747-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1990-cı illər”, “Müasir dövr”, “Quru Qoşunları”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri” zallarında olublar. Muzey əməkdaşları ordumuzun yarandığı gündən etibarən ona məxsus silah-sursat və digər avadanlıqlar haqqında məlumat veriblər. Muzeyin Vətən müharibəsinə həsr edilən zalında institutun əməkdaşları İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizin şəxsi əşyaları ilə tanış olublar.
Daha sonra muzeyin rəisi, polkovnik Əzizağa Qənizadə Fizika İnstitutunun əməkdaşları ilə görüşüb. O, muzeyin tarixindən və I Qarabağ müharibəsində birbaşa iştirak etdiyi Kəlbəcər döyüşündən bəhs edib.
Sonda xatirə şəkli çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.