AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Şəhla Xəlilli Türkiyənin Aydın şəhərində keçirilmiş III Beynəlxalq Balkan, Anadolu, Qafqaz və Türküstan Coğrafiyası, İncəsənət, Mədəniyyət, Tarix və Folklor konqresində iştirak edib.
Şəhla Xəlilli “Dünya Yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili və kataloqların hazırlanması” mövzusunda məruzə edib. Məruzəçi əlyazma irsinin hər vərəqinə sahib çıxmağın nəinki bir toplumun, həm də dünya yaddaşının möhkəmləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, həm özəl kolleksiyalar, həm də dövlət müəssisələrinin fondlarında saxlanılan əlyazmaların vahid reyestrini yaratmaq məqsədilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin yeni startap layihəsi hazırlanıb. Sözügedən layihəyə Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası cəlb olunub və onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilərək mütəxəssislər tərəfindən vaxtaşırı bazaya yerləşdirilir.
Məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. Əməkdaşımız konqresdə fəal iştirakına və maraqlı çıxışına görə beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, Şimali Makedoniyalı antropoloq, professor Rubin Zemona həsr olunan beynəlxalq konqres Adnan Menderes Universitetinin və Buxarkənd bələdiyyəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.