Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda “Heydər Əliyev İli”nə həsr olunmuş gənc alimlərin beynəlxalq payız məktəbinin açılışı olub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, tədbirin Təşkilat Komitəsinin üzvləri, eləcə də Botanika İnstitutunun kollektivi, xarici qonaqlar, gənc mütəxəssislər və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli payız məktəbinin iştirakçılarını AMEA-nın Rəyasət Heyəti adından salamlayıb. Qeyd edib ki, gənclərin elmdə yeri, gənc alimlərin hazırlanması məsələsi bu gün dünya elminin və Akademiyalarının başlıca problemlərindən biridir. Cari ilin sentyabr ayında dünyanın 230 elmi akademik qurumunu birləşdirən Beynəlxalq Elmi Şuranın iclasında iştirakı barədə məlumat verən akademik İsa Həbibbəyli tədbirdə süni intellekt, iqlim dəyişikliyi kimi aktual məsələlərin müzakirəsi ilə yanaşı, gənc elmi kadrların hazırlanması probleminin də diqqət mərkəzində olduğunu, geniş fikir mübadiləsinin aparıldığını söyləyib.
Akademik İsa Həbibbəyli dövlətimiz tərəfindən gənclərin stimullaşdırılması istiqamətində mühüm addımların atıldığını, doktorantların təqaüdlərinin artıldığını bildirib. Həmçinin AMEA-da elmin gəncləşməsi, gənclərin 30 yaşa kimi müdafiə etməsi istiqamətində mühüm addımların atılmasına başlanıldığını, doktorantların işlə təmin edildiyini və onlara ixtisas fənnindən seminarların keçirildiyini, beynəlxalq konfranslara və təcrübələrə göndərildiklərini, Rəyasət Heyətinin qərarı ilə “İlin gənc alimi” nominasiyası üzrə xüsusi mükafatın təsis olunduğunu, Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə ildə 2 dəfə nəşr edilən “Gənc tədqiqatçı” jurnalının bu ildən başlayaraq 4 nömrəyə (biri ingiliscə) çatdırıldığını, ingilis dilində nömrəsinin artıq çap mərhələsində olduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli, o cümlədən gənclərin üzərinə düşən vəzifələrdən danışıb, ingilis dilini və ixtisas fənnini yüksək mənimsəmək, tədbirlərə və konfranslara qatılmaq, qrant layihələrində iştirak etmək barədə tövsiyələrini verib.
AMEA rəhbəri çıxışının sonunda bildirib ki, gənclərin elmdə iştirakı artdıqca Azərbaycan elminin, elmi məktəblərin davamlılığı təmin edilir və bu xüsusda Akademiya kollektivi cəmiyyətdə elmin populyarlaşdırılması istiqamətində səylərini davam etdirir.
Sonra çıxış edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, gənclərin elmi tədqiqatlara cəlb edilməsi Azərbaycanın sosial, iqtisadi, innovativ gələcəyi üçün vacib məsələlərdəndir. Onun sözlərinə görə, elmin kommersiyalaşdırılması, alimlərimizin intellektual əməyinin bəhrəsinin sənayedə tətbiqi bu gün mühüm məsələlərdəndir və bu və digər amillər elmdə qocalmanın qarşısını ala bilər.
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva çıxışına Ümummilli Lider Heydər Əliyevin gənclər haqqında dediyi “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”, - sözləri ilə başlayıb. S.İbadullayeva vurğulayıb ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. Cəmiyyətin aparıcı təbəqəsi gənclərdirsə, deməli, inkişaf və inteqrasiya məhz onlarla bir addımlayır.
O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan gəncliyinə göstərdiyi qayğıdan danışıb.
S.İbadullayeva nitqinə “Biomüxtəlifliyin qorunmasında prioritetlər” mövzusunda təqdimatla (gənclərə ustad dərsi) davam edib. S.İbadullayeva çıxışı zamanı bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbinin təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqəli olduğunu qeyd edib. Bildirib ki, müxtəlif ölkələrdə, regionlarda bitkilərin azalmasına diqqət yetirilməli, yüksək filogenetik müxtəlifliyə malik ərazilər, biomüxtəliflik üzrə qaynar nöqtələr, təbii qoruqlar, toxunulmaz yerlər, Milli Parklar və s. nəzərə alınmalıdır.
Açılış mərasimindən sonra tədbir öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq payız məktəbi noyabrın 9-da başa çatacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.