Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, vitse-prezidentlər, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və AMEA Rəyasət Heyətinin məsul əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademik Akif Əlizadə gündəliyə daxil olan məsələlərlə bağlı ətraflı məlumat verib. Akademiyanın 70 illik yubileyinə hazırlıq işlərinin yekunlaşdığını bildirən AMEA rəhbəri doktoranturaya və magistraturaya qəbulun nəticələri, tədris prosesinin gedişatı, doktorluq imtahanlarına qəbul prosesinin təkmilləşdirilməsi kimi məsələlərə aydınlıq gətirib.
Akademik qeyd edib ki, doktoranturaya qəbul olmaq istəyənlər mütləq ingilis dilini ən azı TOEFL səviyyəsində bilməlidirlər. Həmçinin əlavə edib ki, AMEA-da magistratura təhsilinin təşkili universitetlərdəkindən fərqli olmalı, Akademiyada magistratura təhsili alanların beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı təşkil edilməlidir.
İclasda akademik Akif Əlizadə AMEA-da büdcədənkənar maliyyələşmə işləri ilə bağlı əsaslı mülahizələrini irəli sürüb. Qeyd edib ki, Akademiya yeni elmi istiqamətləri formalaşdırmaq üçün büdcədənkənar vəsait əldə etməyə çalışır və bu da innovativ təklifləri bizneslə əlaqələndirməyə imkan verir. Bu məqsədlə yeni elmi istiqamətlər üzrə həm də kadrların hazırlanması işinə AMEA-nın elmi müəssisələrinin rəhbərləri böyük məsuliyyət və qayğı ilə yanaşmalıdırlar.
AMEA-nın 7 institutunun bazasında 7 ixtisas üzrə magistratura təhsilinin təşkil olunduğunu xatırladan akademik növbəti ildə 15 institutda magistraturaya qəbulun nəzərdə tutulduğunu vurğulayıb.
Tədbirdə AMEA əməkdaşlarının əmək haqqının diferensasiyası, Akademiyada patent fəaliyyətinin yaxşılaşdırılması və "Horizon-2020" proqramının icra vəziyyəti ilə bağlı məsələlərə də baxılıb.
Sonda AMEA-nın elmi institut və təşkilatlarının rəhbərləri sözügedən məsələlər ətrafında öz fikir və mülahizələrini bölüşüb, təkliflər səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir