Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.11.2023 21:25
  • A-
  • A
  • A+

AMEA əməkdaşları V Beynəlxalq Türk Yazarlar Qurultayında iştirak ediblər

AMEA əməkdaşları V Beynəlxalq Türk Yazarlar Qurultayında iştirak ediblər

6-8 noyabr tarixlərində Ankarada V Beynəlxalq Türk Yazarlar Qurultayı keçirilib.

Qurultayda 19 ölkədən Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə eyni sayda nümayəndə iştirak edib. Qurultayın gündəliyinə Türk dünyasında ortaq dil, əlifba, Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi, Türk dünyasında müəllif hüquqları problemləri, Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri, Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, yazıçı universitetləri və qurumların iş birliyi və digər çalışmalar daxil edilərək müzakirə olunub.

Beynəlxalq tədbirdə müzakirəyə çıxarılan problemlər üzrə hər biri 20 nəfərdən təşkil olunmaqla 5 işçi qrup yaradılıb və işçi qrupların 2 gün davam edən iclaslarında təkliflər irəli sürülüb və qərarlar qəbul edilib. Qurultayın sonunda bütün təkliflər səsə qoyulub və müvafiq dövlət qurumlarına, səfirliklərə təqdim etmək üçün vəsadət qaldırılıb.

Qurultayda Azərbaycan nümayəndə heyətinə Xalq yazıçısı Anar rəhbərlik edib. Yazıçılar, jurnalistlər və elm xadimlərindən ibarət nümayəndə heyətində AMEA əməkdaşları - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri f.e.d., professor Tahirə Məmməd və Folklor İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d. Tahir Nəsib təmsil olunublar. Tahir Nəsib ikinci və Tahirə Məmməd dördüncü işçi qrupunda öz təkliflərini müzakirəyə təqdim edib, hər iki nümayəndənin təklifləri səsə qoyularaq qəbul edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: