Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.11.2023 14:15
  • A-
  • A
  • A+

AMEA-da Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru ilə görüş keçirilib

AMEA-da Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru ilə görüş keçirilib

Noyabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan ilə görüş keçirilib.

Görüşdə AMEA-dan və respublikanın ali təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyə və Qırğızıstanın birgə universiteti olan Manas Universitetinin ortaq dəyərlərimizin qorunub öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.

O, Qırğız-Türk Manas Universitetinin son illərdə Qırğızıstan, Türkiyə və Azərbaycan universitetləri ilə geniş əlaqələr qurduğunu və birgə layihələr həyata keçirdiyini qeyd edib. AMEA rəhbəri Türk dünyasının ortaq dəyərlərinə dair layihələrin xüsusi önəm daşıdığını və bu layihələrin Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli Qırğız-Türk Manas Universitetinin AMEA ilə uzun illərdir davam edən əlaqələrindən bəhs edərək, tədris ilinin ilk günündə Manas Universitetində “Heydər Əliyev və Türk dünyası” adlı məruzə ilə çıxış etdiyini xatırladıb.

Son illərdə Türk dövlətlərində bütün istiqamətlər üzrə inkişafın, irəliləyişin hökm sürdüyünü söyləyən AMEA prezidenti Azərbaycanda ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra yeni inkişaf mərhələsinin başlandığını vurğulayıb. O, türk dillərinin müstəqilliyini qorumaqla Türk dövlətləri arasında ortaq ünsiyyət dilinin yaradılmasının önəmini qeyd edib, bu istiqamətdə görülən işlərdən danışıb.

Alimin sözlərinə görə, bu məqsədlə Beynəlxalq Türk Akademiyası tərəfindən “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafi­yası” dərslikləri hazırlanıb, o cümlədən ortaq türk terminologiyası ilə bağlı layihə icra olunub, Türk dünyası arxeoloqlarının toplantısında Türk Dünyası Arxeoloqları Birliyi yaradılıb, eləcə də Türk dünyasını əhatə edən Tarixçilər Cəmiyyəti təsis olunub və digər layihələr həyata keçirilib.  

Bugünkü tədbirin Akademiyada keçirilməsinin əhəmiyyətindən danışan AMEA prezidenti görüşün iki qurum arasında əlaqələrin növbəti mərhələyə qaldırılmasına və möhkəmləndirilməsinə, eləcə də ortaq layihələrin həyata keçirilməsinə öz töhfəsini verəcəyini deyib.  

Daha sonra Qırğız-Türk Manas Universiteti haqqında videoçarx nümayiş olunub.

Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan çıxış edərək Türk tarixinin Anadoludakı mövcudluğu ilə bağlı araşdırmalar apararkən Azərbaycan, Gürcüstan və İran tarixinin də dərindən öyrənilməsi zərurətini nəzərə alaraq, bu ölkələrdə 10 ilə yaxın fəaliyyət göstərdiyini diqqətə çatdırıb.  

O, rəhbəri olduğu müəssisə haqqında məlumat verərək Qırğız-Türk Manas Universitetinin 2 ildir dünyanın ilk 1000 universiteti siyahısında yer aldığını və 2025-ci ilədək universitetin bu siyahıda ilk 500-lükdə olmasının hədəfləndiyini bildirib. Alpaslan Ceylan universitetin 12 fakültəsinin olduğunu, eyni zamanda bu təhsil müəssisəsində Türk dünyasının inkişafına yönəlmiş bir çox tədbirlərin həyata keçirildiyini söyləyib.

Universitet tərəfindən icra olunan layihələrdən bəhs edən rektor Türk dünyasının “Erasmus”u hesab olunan “Orhun” mübadilə proqramının əsas mərkəzinin Manas Universitetində yerləşməsinə nail olunduğunu, Azərbaycandan da bir sıra universitetlərin bu proqrama daxil olduğunu vurğulayıb. O, həmçinin həyata keçirdikləri “Türk Dünyası Rəqəmsal Vətəndaşlıq” layihəsinə 150-dən çox ali təhsil ocağının qoşulduğunu, 2 il ərzində 10 min tələbənin bu kursu uğurla tamamladığını qeyd edib. Professor Alpaslan Ceylan bu kurslarda seçilən tələbələrin mükafatlandırıldığını diqqətə çatdırıb.

Rektor hazırda Türk ölkələri arasında əsas problemlərdən olan ünsiyyət dili və əlifba birliyi məsələsinə də toxunaraq bu sərhədlərin qısa zamanda aradan qaldırılmasına, türk birliyinin daha da güclənməsinə nail olunacağına əminliyini ifadə edib.

O, Manas Universitetinin Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişləndirilməsində və birgə daha çox layihələr həyata keçirilməsində maraqlı olduqlarını bildirib.   

Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru İlham Mədətov, MEK-in direktoru, professor Məmməd Əliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli, Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli və Folklor İnstitutunun Xarici əlaqələr şöbəsinin müdiri Əli Şamil çıxış edərək türk dövlətləri ilə əlaqələrin inkişafı baxımından görüşün əhəmiyyətini qeyd edərək təklif və mülahizələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: