Noyabrın 12-də AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.
İclasda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev də iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov noyabrın 9-da AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu bildirdi. O, Akademiyanın 70 ildə böyük və uğurlu yol keçdiyini, ölkəmizin intellektual potensialının möhkəmlənməsinə və kadr hazırlığı işinə dəyərli töhfələr verdiyini, ölkəmizin ümumi inkişafında fəal rol oynadığını vurğuladı, BTEB əməkdaşlarını yubiley münasibətilə təbrik etdi.
Ə.Əmiraslanov ölkə Prezidenti İlham Əliyevin 5 noyabr 2015-ci il tarixdə AMEA-nın bir qrup əməkdaşının dövlət mükafatı və fəxri adlarla təltif edilməsinə dair imzaladığı Sərəncamı xatırladaraq, bu addımın Azərbaycan elminə böyük diqqət və qayğının nəticəsi olduğunu dilə gətirdi. Ölkə başçısının Sərəncamı ilə fəxri adlara layiq görülən bölmənin 10 əməkdaşını təbrik etdi.
Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin nəzdindəki təşkilatlarda fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə BTEB-in Fəxri Fərmanı ilə təltif olundular.
Tədbirdə bölmə institutlarında fəlsəfə doktoru və elmlər doktoru proqramları ilə doktorantura və dissertanturaya qəbulun hazırlığı, BTEB institutlarından Gənc alimlər üçün Prezident Mükafatına namizədlər, 2016-cı ildə AMEA-da keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi və elmi-texniki Tədbirlər planına təkliflər və s. məsələlər müzakirə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir