AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr olunmuş “Məhsəti Gəncəvi dünya şərqşünaslığında” mövzusunda elmi sessiya keçirilib.
Öncə muzeyin foyesində orta əsrlər ədəbiyyatımızın görkəmli nümayəndəsi M.Gəncəvinin yaradıcılığını əks etdirən 10 lövhədən ibarət sərgi nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Məhsəti yaradıcılığının tədqiqatçısı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq şairənin 900 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini, bunun müstəqil Azərbaycan Respublikasında ədəbi-mədəni irsimizə göstərilən yüksək qayğı və diqqətin sübutu olduğunu bildirib: “Tarixə ilk Azərbaycan şairəsi kimi daxil olan Məhsəti yaradıcılığına həsr olunmuş tədbirlər iştirakçılara ədibin fəlsəfi mahiyyəti ilə diqqəti cəlb edən poeziyası ilə yaxından tanış olmaq imkanı verir”.
R.Hüseynov bildirib ki, cari ildə yaradıcılığının 900 illik yubileyi YUNESKO tərəfindən qeyd edilən Məhsəti Gəncəvi irsi bu gün dünyada geniş şəkildə öyrənilir: “Onun yubileyinin dünyanın mədəniyyət paytaxtlarından olan Parisdə, eləcə də Fransanın bir sıra şəhərlərində qeyd edilməsi Azərbaycan qadınının XII əsrdə mövcud olan yüksək milli-mənəvi dəyərlərə, yüksək intellektual təfəkkürə və elmə malik olduğunu sübut edir”.
“Alman və fransız şərqşünaslığında Məhsəti Gəncəvi araşdırmaları” mövzusunda məruzə ilə çıxış edən R.Hüseynov muzeydə onunla bağlı ayrıca zalın ekspozisiyasnını yeniləşdirildiyini vurğulayıb. Qeyd edib ki, şairənin ədəbi şəxsiyyəti yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində çox yüksək dəyərləndirilmişdir.
Bildirib ki, elmi sessiyada təqdim olunacaq məruzələrdə Məhsəti Gəncəvi irsinin dünya şərqşünaslığındakı mövqeyi, tədqiqi, öyrənilməsi məsələləri bir daha diqqətə çatdırılacaq: “Məhsəti Gəncəvi haqqında 20 dildə hazırlanmış portret oçerk dünya xalqlarının Azərbaycanın görkəmli söz ustadını yaxından tanıması üçün dəyərli vəsaitdir”.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu “Məhsəti Gəncəvi rübailərinin Təbriz nəşri”, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Məhsəti rübailəri Nigar Rəfibəylinin tərcümələrində”, filologiya üzrə elmlər doktoru Kamil Allahyarov “Əbdürrəhman Fəramazi Məhsəti Gəncəvi haqqında”, muzeyin şöbə müdiri Tomiris Babanlı “Məhsətinin həyatı və ədəbi irsi Nizami Muzeyinin ekspozisiyasında” və muzeyin elmi işçisi Aytən Nəsibova “Qərbşərqşünaslığı və Məhsəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edilib ki, muzeyin əməkdaşı Rizvan Sədirxanov Məhsəti Gəncəvinin rübailəri əsasında silsilə mahnılar bəstələmişdir. 2014-cü ildə muzeydə həmin nəğmələrdən ibarət musiqili “Məhsəti axşamı”nın keçiriləcəyi də planlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.