Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Resublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin müasir biologiya elminin inkişafında göstərdiyi xidmətlərə, bu sahədə qazanılan nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçirilib.
Hibrid formatda keçirilən konfransın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Beynəlxalq konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Akademik İsa Həbibbəyli dövlət başçısının müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxcəhətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
O, “Heydər Əliyev İli” çərçivəsində AMEA-da təşkil olunan tədbirlərin ölkəmizdə vətənpərvərlik, azərbaycançılıq ideyalarının, Heydərəliyevçilik strategiyasının, müstəqil dövlətçilik düşüncəsinin daha da dərinləşməsinə xidmət edən bir proqrama çevrildiyini deyib. Alimin sözlərinə görə, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər, çap olunmuş nəşrlər humanitar və ictimai elmlərlə yanaşı, bütün elm sahələrində dövlətçilik maraqlarını və milli mənafeləri əsas götürərək gələcək nəsilləri bu əsasda tərbiyə etmək missiyasını həyata keçirməyə xidmət edir.
AMEA rəhbəri qeyd edib ki, Akademiyanın Rəyasət Heyətinin “Heydər Əliyev İli” ilə bağlı qəbul etdiyi Tədbirlər Planında nəzərdə tutulan bütün işlər tamamlanmış, AMEA özünün Heydər Əliyevlə bağlı elmi, fundamental tədqiqatlardan ibarət olan “Heydərəliyevnamə”sini yaratmışdır. Akademiyanın institut və təşkilatlarında il ərzində Ulu Öndərlə bağlı 40-dan çox kitabın hazırlandığını bildirən akademik İsa Həbibbəyli qeyd edib ki, bu kitablar əvvəlki illərdə AMEA-da Ümummilli Liderin fəaliyyəti ilə bağlı çap olunan əsər və monoqrafiyalardan sistemli fundamental elmi tədqiqatlardan ibarət olması ilə fərqlənir: “Bu isə, ölkəmizin Azərbaycanın son 50 ildə keçdiyi yolu, bu istiqamətdə yaşanılan çətinlikləri, aparılan mübarizələri, qazanılan uğurları elmi cəhətdən və sistemli şəkildə təhlil edib dəyərləndirən və ümumiləşdirən Əliyevşünaslığın konkret bir elmi istiqamətə çevrildiyini nümayiş etdirir”.
“Ulu Öndər haqqında yazılan tədqiqat işləri, dinlənilən elmi məruzələr, çap olunan əsərlər dahi şəxsiyyət Heydər Əliyevin işığında Azərbaycan gerçəkliyini qiymətləndirməyə imkan verir”, - deyə akademik İsa Həbibbəyli bildirib.
O, Akademiyada müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı və qurucusu, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konfransların bu dahi şəxsiyyətin baxışları, həyatı və mübarizəsi ilə daha dərindən tanış olmağa və müstəqil dövlətçilik ideallarının geniş şəkildə təbliğ olunmasına şərait yaratdığını qeyd edib. Akademik İsa Həbibbəyli bugünkü tədbirdə səsləndirilən fikirlərin, dinlənilən məruzələrin də “Heydər Əliyev İli”nə önəmli töhfə olmaqla yanaşı, müasir dövrün çağırışlarını əhatə edəcəyinə inamını bildirib.
Sonra AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək Azərbaycan biologiya və tibb elminin inkişafında, bu sahələrdə əldə edilmiş mühüm nailiyyətlərdə Ulu Öndərin böyük xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, yeni-yeni elmi müəssisələrin və laboratoriyaların yaradılması və onların maddi-texniki bazasının yaxşılaşdırılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması, ümumən elmə verilən dəyər, göstərilən dövlət dəstəyi dahi liderin siyasətinin ayrılmaz tərkib hissəsi olmuşdur. AMEA-nın vitse-prezidenti bu siyasətin günümüzdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla və uzaqgörənliklə davam etdirildiyini bildirib.
Akademik İradə Hüseynova Ümummilli Lider Heydər Əliyevin elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyev tərəfindən atılmış addımları, görülmüş işləri diqqətə çatdırıb. Onun sözlərinə görə, akademik Cəlal Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda biokimya, molekulyar biologiya, molekulyar genetika, biofizika, gen və hüceyrə biotexnologiyaları, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və s. kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafı, müxtəlif elm sahələri üzrə savadlı mütəxəssislərin biologiya üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən istifadə edilməsi elmə böyük töhfə vermişdir.
“Bu il 95 illik yubileyini qeyd etdiyimiz akademik Cəlal Əliyevin yaratdığı böyük məktəbin nümayəndələri elmə ləyaqətlə xidmət edir, Azərbaycana dünya səviyyəsində nüfuz qazandırırlar. Sevindirici haldır ki, onlardan bir çoxu bugünkü konfransın iştirakçıları sırasındadırlar”, - deyə akademik İradə Hüseynova qeyd edib.
O, son illər dünyada süni intellekt, robototexnika, canlı orqan çapı, nano- və biotexnologiyalar, gen redaktəsi və digər sahələrdə əldə olunmuş yüksək nailiyyətlərdən bəhs edərək, hazırda sürətlə inkişaf edən elmin qarşısında texniki deyil, hüquqi, normativ və etik məhdudiyyətlərin dayandığını, bu baxımdan bioetik problemlərin də konfransın aktual mövzuları sırasında yer aldığını diqqətə çatdırıb. Vitse-prezident müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirmək məqsədi daşıyan bugünkü konfransın biologiya elmində əldə edilmiş bir çox nailiyyətlərə və perspektivlərə işıq salacağına əminliyini bildirib.
Akademik İradə Hüseynova çıxışının sonunda müasir dövrlə səsləşən idealara malik olan, aktual elmi problemlərə həsr olunan beynəlxalq tədbirin elm və təhsilin inteqrasiyasına əhəmiyyətli töhfələr verəcəyini qeyd edib.
Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun qrup rəhbəri professor Qərib Mürşüdov tədbirdə onlayn şəkildə çıxış edərək bu kimi konfransların gənc tədqiqatçıların elmə marağının artırılması, onların fəaliyyətinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycan gənclərinin dünya elminə töhfələr vermək potensialına malik olduğunu söyləyən Q.Mürşüdov AMEA-nın bir sıra elmi müəssisələrində fəaliyyət göstərən gənclərin hazırda dünyanın nüfuzlu elm və təhsil mərkəzlərində doktorantura təhsili aldığını vurğulayıb.
O, mühüm elmi problemlərə həsr olunmuş bugünkü tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq tədbirdə, həmçinin Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Novruz Quliyev, ABŞ-ın Emory Universitetinin Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru prof. Camal Musayev, ABŞ-ın Eppley Tədqiqat İnstitutunun Fred və Pamela Buffett Xərçəng Mərkəzi, Nebraska Tibb Universitetinin professoru Tahir Tahirov, Böyük Britaniynın MRC Weatherall Molekulyar Tibb İnstitutu, Oksford Universitetinin professoru Walter Bodmer, Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay, Almaniyanın Osnabrueck Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz, Rusiyanın Biologiyanın Fundamental Problemləri İnstitutunun professoru Tatyana Savçenko, Bakı Dövlət Universiteti Biologiya fakültəsinin dekanı prof. Afət Məmmədova, eləcə də Oksford Universitetinin doktorantı Gülnar Abdullayeva çıxış ediblər. Çıxış edənlər elm və təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, görülən əhəmiyyətli işlər haqqında məlumat veriblər, xaricdə fəaliyyət göstərən alimlərimizin ölkə elminin inkişafına verdiyi dəstəkdən danışıblar. Qeyd olunub ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd edildiyi tədbirlər sırasında yer alan bugünkü beynəlxalq konfrans müasir biologiya elminin inkişaf tendensiyalarının müəyyənləşdirilməsində, bu sahədə əldə olunan nailiyyətlərin elm ictimaiyətinə çatdırılmasında əhəmiyyətli rola malik olacaq.
Daha sonra professor Qərib Mürşüdovun moderatorluğu ilə keçirilən plenar iclaslarda məruzələr dinlənilib.
İki gün davam edəcək, ümumilikdə 30 ölkədən 185 elmi məruzənin təqdim olunduğu konfrans işini “Biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri”, “Biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt”, “Bioetika və sintetik biologiyanın problemləri”, “Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində”, “Gen, hüceyrə və zülal mühəndisliyi, transgenez”, “Populyasiya genom tədqiqatları” və digər mövzulara həsr olunmuş seksiya iclasları ilə davam etdirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.