Bakıda keçirilən Özbəkistanın Elm, mədəniyyət və incəsənət günləri çərçivəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Özbəkistan və Azərbaycan: mədəniyyətlərin müzakirəsi (dialoqu)” adlı dəyirmi masa baş tutub.
Dəyirmi masada “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsində iştirak edən Azərbaycan və Özbəkistan alimlərinin, o cümlədən müvafiq elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin birgə iclası keçirilib.
İlk öncə qonaqlar institutun Ekspozisiya zalında nümayiş olunan Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı özbək müəlliflərinə aid ərəb, fars və özbək dillərində qələmə alınan əlyazma abidələrindən ibarət sərgi ilə tanış olublar. Şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova qonaqlara sərgidə nümayiş olunan əlyazmalar haqqında məlumat verib.
Daha sonra dəyirmi masa öz işinə başlayıb.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli gələn qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, Azərbaycan ilə Özbəkistan arasında tarixən sıx mədəni əlaqələrin mövcud olduğunu, hər iki xalqın bir-birinin mədəniyyətindən bəhrələnib onun inkişafına özünəməxsus təsir göstərdiyini qeyd edib, Azərbaycan-özbək ədəbi-bədii əlaqələrinin poetik təməlinin özbək klassik şairlərinin Nizami Gəncəvi irsinə məhəbbəti ilə qoyulduğunu, Əlişir Nəvai və Məhəmməd Füzulinin ustad-varis münasibətilə daha da möhkəmləndiyini vurğulayıb. T.Kərimli dövlətlərimiz və xalqlarımız arasındakı mədəni əlaqələrə toxunaraq bildirib ki, Daşkənd şəhərində Nizami Gəncəvinin və Bakıda Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi, Özbəkistanın paytaxtında Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın açılışı və bu kimi digər işlərin həyata keçirilməsi ölkələrimiz arasında qarşılıqlı marağın, tarixən mövcud olan hörmətin parlaq nümunəsidir. Alim qeyd edib ki, xalqlarımız arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin özəyində isə elm, ədəbiyyat və mədəniyyət xadimlərimizin yazılı irsinin qarşılıqlı öyrənilməsi durur.
Açılış nitqindən sonra Özbəkistan mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği üzrə Ümumdünya Cəmiyyətinin idarə heyətinin sədri, “Özbəkistan Kinematoqrafiya Agentliyi”nin baş direktoru fəlsəfə doktoru Firdavs Abduxaliqov və Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş nitqi ilə çıxış edib Özbəkistanın ölkəmizdə qorunan mədəni irsindən söz açıblar. Bildiriblər ki, Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi ölkələrimiz arasında olan sıx dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir.
“Özbəkistan əlyazma irsinin şedevrləri dünya saxlanclarında” adlı videoçarx nümayiş olunduqdan sonra tədbir məruzələrin dinlənilməsilə davam edib. Milli Azərbaycan Tarixi Muzeyinin baş mühafizi tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova “Milli Azərbaycan Tarixi Muzeyinin özbək kolleksiyası haqqında”, Özbəkistan Respublikası Elmlər Akademiyası Astronomiya İnstitutunun direktoru professor, fizika-riyaziyyat elmləri doktoru Şuxrat Eqamberdiyev “Andromeda və balıq bürcləri Mirzə Uluqbəy tədqiqatlarında”, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında Özbəkistan və Azərbaycanın toy tikmələri (əl işləmələri)”, “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsinin elmi koordinatoru sənətşünaslıq doktoru, professor Elmira Gül “İncəsənət tarixində Özbəkistan və Azərbaycan əlaqələri”, Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Özbəkistanın əlyazma irsi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında”, Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi sənətşünaslıq doktoru Xədicə Əsədova “Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının özbək incəsənət nümunələri vasitəsilə qarşılıqlı zənginləşdirilməsi” mövzularında məruzə edib, çıxışlarında təqdim etdikləri mövzulara uyğun videoslaydlar nümayiş etdiriblər.
Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin tarixinin öyrənilməsi üçün faydalı olan dəyirmi masa bitdikdən sonra Özbəkistan mədəni irsinin öyrənilməsi, mühafizəsi və təbliği üzrə Ümumdünya Cəmiyyətinin xətti ilə nəşr olunan “Özbəkistanın mədəni mirası dünya saxlanclarında” layihəsi çərçivəsində çap olunan çoxcildliyin 36-50-ci cildləri institutun kitabxanasına hədiyyə edilib, Əlyazmalar İnstitutunun direktoru da daxil olmaqla bu layihədə iştirak edən müəssisələrin rəhbərlərinə sertifikatlar təqdim edilib. Sonda iştirakçıların xatirə şəkli çəkilib.
Qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi Özbəkistan Elm, Mədəniyyət və İncəsənət Günləri ilə bağlı bu mühüm tədbirdə Özbəkistan nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini, “Özbəkistanın mədəni irsi dünya saxlanclarında” layihəsinin redaksiya heyətinin sədri akademik Akmal Saidov, Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanov, səfirliyin üçüncü katibi Atabek Ramazonov və Özbəkistanın bir sıra nüfuzlu elm, mədəniyyət və ədəbiyyat xadimləri də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.