Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.01.2025 11:00
  • A-
  • A
  • A+

AMEA-nın İctimai Elmlər Bölməsi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın İctimai Elmlər Bölməsi 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

AMEA-nın Rəyasət Heyətinin iclasında İctimai Elmlər Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib. Diqqətə çatdırıb ki, ötən il bölmənin müəssisələrində aparılan tədqiqatlar əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na, eləcə də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında”, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının sərəncamlarının icrasına istiqamətlənib.

Akademik qeyd edib ki, 2024-cü ildə İEB-in elmi müəssisələrində 33 problemə aid 88 mövzuya dair 505 tədqiqat işi, 98 mərhələ aparılıb, 18 mövzu, 364 iş, 43 mərhələ tamamlanıb. Hesabat ilində elmi tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən araşdırılan 35-dan çox elmi iş Qarabağa, Şuşaya, Qərbi Azərbaycana, Qafqaz Albaniyasına həsr olunub.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2024-cü ildə bölmə üzrə 1525 əsər nəşr olunub. Bunlardan 36-sı kitab (3-ü xaricdə), 54-ü monoqrafiya (7-si xaricdə) 1101-i məqalə (266-sı xaricdə), 334-ü tezis (106-sı xaricdə), 9-u dərslik və dərs vəsaitidir. Bölmə üzrə 46 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 1275 istinad edilib.

Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 2610 əsər çap olunub. Bunlardan 62-si kitab (5-i xaricdə), 49-u monoqrafiya (8-i xaricdə) 192-si dərslik və dərs vəsaiti, 1176-sı məqalə (545-i xaricdə), 464-ü tezis (213-ü xaricdə) olmuş, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 452 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 2202 istinad qeydə alınıb.

Akademik Gövhər Baxşəliyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dövlət başçısının Sərəncamın icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 1 beynəlxalq, 2 respublika səviyyəli elmi konfrans, 3 elmi seminar, 6 dəyirmi masanın keçirildiyini, 2 kitabın işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, bu çərçivədə “Yaşıl dünya naminə həmrəylik – COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi”, “Prezident İlham Əliyevin Dövlət idarəçiliyi: COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq nüfuzumuzu göstərən vacib amildir”, “Yaşıl enerji və ekoloji problemlərin fəlsəfəsi”, “COP29 – Yaşıl strategiya, iqlim dəyişikliyi və sosial elmlər: çağırışlar, vəzifələr”, “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu”, “Cənubi Qafqazda ekoloji vəziyyət: dövlətlərin siyasətinin müqayisəli təhlili, təhdidlər və perspektivlər” və s. mövzuda konfranslar, dəyirmi masalar, həmçinin kitab təqdimatları keçirilib.

Məruzəçi, həmçinin dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, “Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamları, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın icrası, eləcə də Qərbi Azərbaycanın, Qafqaz Albaniyasının və İraq türkmanlarının ta­ri­xi­nin, mədəniy­yə­ti­nin öy­rə­nil­mə­si istiqamətində görülmüş işləri diqqətə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq, qrantlar və təltiflər elektron elmin vəziyyəti, Vikipediya Virtual Ensiklopediyasında, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: