AMEA-nın Gəncə Bölməsinin 44 illik tarixinin başlanğıcından bu elm ocağında çalışan Rasim Tağıyevin 75 yaşı qeyd olunub.
AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev tədbiri açaraq Rasim Tağıyevi bütün əməkdaılar adından salamlayıb, ona 75 yaşının tamam olması münasibətilə ən xoş arzularını çatdırıb.
Akademik Fuad Əliyev ötən əsrin 80-ci illərinin başlanğıcından etibarən Gəncənin bu başlıca elm ocağının yaranması və təşəkkül tapması tarixçəsinə nəzər salaraq, bu yöndə elmi-təşkilati işlərin icrasında Rasim Tağıyevin böyük əməyinin olduğunu qeyd edib, eləcə də o vaxtdan keçən onilliklər ərzində, o cümlədən bölmənin bugünkü inkişaf mərhələlərində onun idarəçilik, elmi-təşkilati, texniki-təchizat məsələlərinin dəqiq icrasının yerinə yetirilməsində yubilyarın əvəzsiz rolunu vurğulayıb. Hazırda AMEA-nın Gəncə Bölməsinin sədr müavini vəzifəsini daşıyan Rasim Tağıyev bütün əmək fəaliyyəti boyu nümunəvi işçi, layiqli vətəndaş və nəcib xarakterli insan kimi tanınıb.
Bölmənin sədr müavini Sara Əzizova da yubilyarın yüksək peşəkar və insani xüsusiyyətlərini vurğulayıb, ona uzun ömür, cansağlığı və yeni-yeni uğurlar arzulayıb.
75 illiyi münasibətilə Rasim Tağıyevə xatirə suvenir-lövhəciyi, Fəxri fərman və gül dəstəsi təqdim edilib.
AMEA-nın Gəncə Bölməsinin, həmçinin Elm və Təhsil Nazirliyinin institut, şöbə və digər qurumlarının nümayəndələrindən Nərgiz Rəsulova, Mehriban Məmmədova, Ruziyə Quliyeva, Mahirə Şərifova, Aynur Bayramova, Vəfa Məmmədova, Sədaqət Adıgözəlova, İmran Qasımov, Əlimuxtar Muxtarov, Aygün Bayramova, Yeganə Məmmədova, Aygün Məmmədova və Vüsalə Hüseynova təbrik sözləri ilə çıxış edərək, yubilyara ən səmimi arzularını çatdırıblar. Çıxışçılar 44 ildir ki, akademik Fuad Əliyevin rəhbərliyi altında AMEA-nın Gəncə Bölməsinin əldə etdiyi nailiyyətləri qeyd edərək, bu elm ocağının uğur salnaməsində onun yaxın məsləkdaşı Rasim Tağıyevin də öz izi olduğunu vurğulayıblar.
Təntənəli toplantını sonunda yubilyar çıxış edərək, bu doğma ocağın əməkdaşlarına, akademik Fuad Əliyevə özünün əmək və şəxsi keyfiyyətlərinə verilən yüsək dəyərə, göstərdikləri həssas münasibətə görə dərin minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.