Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2024 16:59
  • A-
  • A
  • A+

Aprel şəhidlərinə və qazilərə həsr edilən “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub

Aprel şəhidlərinə və qazilərə həsr edilən “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub

Kürdəmirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Aprel şəhidlərinə və qazilərə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olub.

Tədbir Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialı və Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Təqdimat mərasimində şəhid ailələri, qazilər, Vətən müharibəsində döyüşmüş gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbirdə gəncləri əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünə inam hissini artırır.  

O, belə bir gündə qəhrəman Vətən üçün canını fəda edən və əbədi olaraq xalqın yaddaşında gənc qəhrəmanlar kimi yaşayacaq şəhidlərimizı, eləcə də sağlamlığını, əzalarını itirmiş qazilərimizi xatırlatmağın önəmini qeyd edib.

Sonra tədbir iştirakçıları 2017-ci ildə çəkilmiş, Aprel döyüşlərinin şəhid və qazilərinə həsr olunmuş “Geyilməmiş ayaqqabılar” filmini izləyiblər.

Filmin məzmunu və ekran əsərində insanlara çatdırılan əsas ideya barədə danışan Yaqut Bahadurqızı  bildirib ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıda qaçqın yataqxanasına sığınmış və hər gün öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan azərbaycanlı məcburi köçkün qadınların ümumiləşdirilmiş obrazı yaradılıb.

Tədbirdə Kürdəmir Gənclər Evi Sosial Xidmət Müəssisələrinin rəhbəri Nicat Ağarəhimov çıxış edərək ölkəmizdəki bugünkü gənclər siyasətinin mahiyyətcə yeni mərhələsini yaşadığını, Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işləri nəzərə çatdırıb. O, eyni zamanda “Geyilməmiş ayaqqabılar” filminin mahiyyətindən bəhs edərək belə ekran əsərlərinin gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna rol oynadığını vurğulayıb.

Daha sonra 44 günlük Vətən müharibəsində sona qədər döyüşərək şəhid olmuş tank bölük komandiri, baş leytenant Fərrux Hüseynovun anası Səhər Hüseynova, köçkünlük həyatının əzablarını yaşamış şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Əliyeva çıxış ediblər. Onlar rəşadətli Azərbaycan ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmalarından, onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfərdən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən, xalqımızın 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşmasından danışıb, film haqqında təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: