Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda növbəti lektoriya keçirilib.
Lektoriyada institut əməkdaşları, gənc alimlər, ETN Neft və Qaz İnstitutunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə keçirilən silsilə lektoriyaların əhəmiyyətindən, məruzəçilərin özünüifadə məziyyətlərinin əhəmiyyətli dərəcədə artdığından, gənc alimlərin bu qəbildən olan tədbirlərə böyük maraq göstərməklərindən danışıb.
Sonra g.-m.e.d. Namaz Yusubov (ETN Neft və Qaz İnstitutu) “Seysmik məlumatların emalı və geoloji dəyərləndirilməsi üsullarının əsasları” mövzusunda təqdimat reallaşdırıb.
Alim seysmik kəşfiyyat tədqiqatlarının üç əsas mərhələdə yerinə yetirildiyini qeyd edərək tədqiqat ərazisinin geoloji kəsilişini mümkün olduğu qədər dəqiq approksimasiya edən seysmik dalğa sahəsinin qeydiyyatını reallaşdıran müşahidə sistemlərinin tərtib edilməsi, süni yolla oyadılan seysmik dalqa sahəsinin yaratdığı əksolunan dalğa sahəsinin qeyd edilməsinin prinsipləri haqqında məlumat verib.
N.Yusubov tədqiqatların ikinci mərhələsi barədə danışarkən seysmik yazıların emalı prosesində istifadə olunan emal prosedurlarının iş prinsipləri üzərində dayanıb, eləcə də emal qrafları və əldə edilən nəticələri şərh edib. Həmçinin seysmik yazıların dinamik parametrləri haqqında məlumat təqdim edib.
Məruzəçi üçüncü mərhələdə seysmik dalğa sahəsinin kinematik və dinamik parametrləri əsasında geoloji dəyərləndirmə işlərinin yerinə yetirildiyini vurğulayaraq diqqətə çatdırıb ki, bu məsələyə lektoriya formatında növbəti görüşlərdə ətraflı izahat veriləcək.G.-m.e.d. Namaz Yusubovun təqdimatı çoxsaylı diaqramların, düsturların müşayiətilə keçib və o, məruzəni diqqətlə izləyən iştirakçıların suallarını ətraflı izahatla cavablandırıb.
Sonda lektoriyanın gedişatına şərh edən Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə vurğulayıb ki, institutda keçirilən lektoriyalara marağın daim artdığı şübhəsizdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.