Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə silsilə olaraq keçirilən “Tarixi həqiqətləri unutmayaq” adlı vebinarın sonuncu hissəsi təşkil olunub. AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba şəhərində Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Cavad və Lənkəran qəzalarında törədilən 1918-ci il soyqırımı şahid ifadələrində”, Namiq Bağırlı “1918-ci il soyqırımı hadisələri Britaniya jurnalistlərinin açıqlamalarında”, İslam Aslanov “1918-ci il soyqırımı Zəngəzur qəzasının şahidlərinin ifadələrində” adlı mövzularda çıxışlar ediblər.
Bu vebinar çərçivəsində 1918-ci ildə Azərbaycanın bölgələrində baş vermiş soyqırımı hadisələri, onların şahid ifadələrində əksi və xarici mənbələrdə necə işıqlandırılması müzakirə olunub. Çıxışlar zamanı, həmçinin Britaniya jurnalistlərinin həmin dövrdəki qeydləri və Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında təqdim olunan faktları elmi şəkildə analiz ediblər.
Ümumilikdə, üç gün ərzində keçirilən vebinarlar zamanı Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələri şahid ifadələri və arxiv materialları ilə araşdırılaraq tarixi həqiqətlər yenidən gündəmə gətirilib.
Qeyd olunub ki, bu cür elmi araşdırmalar tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. Soyqırımı Memorial Kompleksi gələcəkdə də bu istiqamətdə araşdırmalar aparmağı və elmi tədbirlər keçirməyi planlaşdırır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.