Fevralın 5-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın institutlarının elmi işlər üzrə direktor müavinləri və bir sıra şöbə müdirləri ilə görüşüb.
AMEA rəhbəri “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2023-cü il tarixli Fərmanından irəli gələrək Akademiyanın yenilənməsi istiqamətində görülən işlərdən, müasir çağırışlara uyğun olaraq AMEA-nın bir sıra elmi müəssisələrində aparılmış islahatlardan danışıb.
Akademik İsa Həbibbəyli bu məqsədlə AMEA-nın nizamnaməsinə uyğun olaraq institut və təşkilatların icraçı direktorlarının elmi işlər üzrə direktor müavinləri vəzifəsi ilə əvəzlənməsi, eləcə də şöbə müdirlərinin yenidən seçilməsi zərurətinin yarandığını vurğulayıb.
O, həmçinin AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılması, elmi-tədqiqat işlərinin aparılması üçün səmərəli mexanizmlərin işlənib hazırlanması, elmi müəssisələrin iş təcrübəsinin ümumiləşdirilməsi, onların inzibati-idarəetmə heyətinin peşəkarlığının yüksəldilməsi məqsədilə Direktorlar Şurasının yaradıldığını diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli Direktorlar Şurasının bir iclasının elmi müəssisələrin şöbə müdirləri və kadrlarla bağlı məsələyə həsr olunacağını qeyd edib.
AMEA prezidenti Akademiyanın institut və təşkilatlarında elmi, təşkilati, eləcə də əmək intizamına riayət edilməsi ilə bağlı işlərin icrasında şöbə müdirlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü deyib. O, elmi müəssisələrdə rəqabətə davamlı mühitin yaradılması, gənclərin elmə cəlb olunması və yeni elmi nəslin formalaşdırılması üçün şöbə müdirləri və digər məsul şəxslərin fəaliyyətində səmərəliliyin artırılmasının vacib amillərdən olduğunu söyləyib. O, Akademiyanı inkişaf etdirmək üçün bu prosesə ilk növbədə, şöbə müdirlərinin dəstək göstərməsinin vacib olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu baxımdan şöbə müdirləri əməkdaşlara nümunə olmalı, tematik tapşırıqlara ciddi riayət etməlidirlər.
Akademik İsa Həbibbəyli çıxışının sonunda AMEA-nın tarixi ənənələrini qoruyub gücləndirməklə ölkə başçısının tələblərini və müasir dövrün çağırışlarını əsas götürərək yeniləşən Akademiya uğrunda islahatların bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək mülahizələrini bildirib.
Sonda AMEA rəhbəri elmi müəssisələrin rəhbərləri, elmi işlər üzrə direktor müavinləri və şöbə müdirləri qarşısında müvafiq vəzifələr qoyub, tapşırıqlarını verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.