Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2024 09:48
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində tarix elmləri doktoru AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Yaqub Mahmudovun 85 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Yaqub Mahmudovun həyatının, eləcə də elmi, pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas mərhələlərinə nəzər salıb, onu yüksək mənəviyyata malik insan kimi xarakterizə edib. Tədbirin Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən keçirildiyini diqqətə çatdıran bölmə sədri vurğulayıb ki, konfransın keçirilməsi Yaqub Mahmudovun elmi irsinin tanıdılması və təbliği xarakteri daşımaqla bərabər, həm də gənclərdə elmi yaradıcılığa maraq yaratmaq məqsədi daşıyır.

“Akademik Yaqub Mahmudov Azərbaycan tarix elminin seçilən nümayəndəsi, çoxsaylı elmi problemlərin sistemləşdirilərək tədqiq olunduğu fundamental əsərlərin müəllifi, Turan məfkurəsinə xidmət edən elm xadimidir”, - deyən İsmayıl Hacıyev bildirib ki, fundamentallıq kəsb edən kitab və monoqrafiyaları, 18 cilddə toplanan əsərləri onun tarixşünaslığımıza verdiyi mühüm töhfələrdir.

Konfrans öz işini məruzələrin təqdimatı ilə davam etdirib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Akademik Yaqub Mahmudovun həyatı və ictimai-siyasi fəaliyyəti”, həmin institutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Akademik Yaqub Mahmudovun elmi fəaliyyəti”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Akademik Yaqub Mahmudovun elmi irsində Naxçıvan tarixi məsələləri” başlıqlı məruzələr ediblər.

Məruzələrdə akademikin həyatı və fəaliyyəti barədə geniş məlumat verilib, namizədlik dissertasiyasından başlayaraq müəllifi olduğu əsərlərin mahiyyətindən, bir çox tarixi faktların dəqiqləşdirilməsi və təhriflərin aradan qaldırılmasındakı rolundan söz açılıb.

Diqqətə çatdırılıb ki, Yaqub Mahmudov sahib olduğu təşkilatçılıq bacarığı sayəsində bir sıra məsul vəzifələrin öhdəsindən uğurla gəlmiş, elmi problemlərin tədqiqində yenilikçi yanaşma ortaya qoymuşdur. Məhz onun təşəbbüsü ilə xarici ölkə arxivlərindən tariximizlə bağlı materiallar toplanaraq tədqiq olunmuşdur.

Qeyd olunub ki, akademik Yaqub Mahmudov həm də ictimai və siyasi xadim kimi ölkəsinə, xalqına sədaqətlə xidmət edən alimdir. Onun tariximizlə bağlı yol verilən təhriflərin aradan qaldırılmasında, regionun tarixən türklərə məxsusluğu məsələsinin, tarixi şəxsiyyətlərin öyrənilməsində böyük rolu vardır.

Yaqub Mahmudov həmçinin Naxçıvanın tarixi, arxeoloji abidələri ilə bağlı araşdırmaların müəllifidir. O, Naxçıvanla bağlı saxta erməni iddialarının əsassızlığını tutarlı tarixi faktlar əsasında sübuta yetirmiş, hər zaman azərbaycanşünaslıq elminin zənginləşdirilməsinə xidmət etmişdir.

Məruzələrdən sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin çıxışı dinlənilib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: