Martın 12-də Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə 27 mart - “Elm Günü” və AMEA-nın 80 illiyinə həsr olunmuş konfrans keçirilib.
BDU-da keçirilən konfransda universitetin müvafiq fakültələrinin alimləri, professor və müəllim heyəti, eləcə də fakültə dekanları, kafedra müdirləri, “Geologiya” və “Fizika” fakültələrinin tələbələri və RSXM əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“Geologiya” fakültəsinin dekanı Mamoy Mansurov çıxışında bildirib ki, elmi təşkilatlar və ali təhsil müəssisələri arasında əməkdaşlığın olması mühüm əhəmiyyət daşıyır. BDU-nun “Geologiya” fakültəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında bu sahədə çox yaxşı əməkdaşlığın olduğunu bildirən fakültə dekanı konfransın “Elm Günü” və AMEA-nın 80 illiyinə həsr edildiyini bildirib.
BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə öz çıxışında universitet rəhbərliyi adından iştirakçıları salamlayaraq bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. AMEA nəzdində RSXM və BDU arasında əməkdaşlığın mövcud olduğunu bildirən Aydın Kazımzadə belə konfransların davamlı olaraq keçirilməsinin vacib olduğunu deyib.
AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli konfransda “Azərbaycanın müasir seysmogeodinamik şəraiti” mövzusunda məruzə ilə çıxış edib.
Baş direktor öz çıxışında RSXM-də aparılan kompleks geofiziki-seysmoloji-geokimyəvi tədqiqatlar və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verib. Hazırda respublika ərazisində 84 seysmik stansiyalar vasitəsi ilə kompleks seysmoloji-geofiziki tədqiqatların aparıldığını bildirən professor Qurban Yetirmişli Azərbaycan ərazisinin hazırki seysmogen vəziyyəti haqqında da danışıb. Baş direktor çıxışında respublika ərazisində maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlərin qeydə alınması, aktiv bögələrdə olan seysmik vəziyyət, aparılan monitorinqlərlə bağlı da iştirakçıları məlumatlandırıb.
Professor Qurban Yetirmişli çıxışında, həmçinin RSXM-nin beynəlxalq seysmoloji təşkilatlar və xarici universitetlərlə əməkdaşlıq məsələlərinə də toxunub. Baş direktor öz çıxışında tələbələrə müraciət edərək onlara elmi sahədə aktiv olmağı tövsiyə edib.
Daha sonra təqdim olunmuş məruzə ilə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
BDU-nun “Faydalı qazıntılar” kafedrasının müdiri akademik Vasif Babazadə çıxış edib. BDU və AMEA nəzdində RSXM-nin birgə təşkilatçılığı ilə keçirilən konfransın “Elm Günü” və AMEA-nın 80 illiyinə həsr edilməsini yüksək qiymətləndirən kafedra müdiri elm və təhsilin inteqrasiyası baxımından da bu cür konfransların keçirilməsinin əhəmiyyət daşıdığını bildirib.
Akademik Vasif Babazadə öz çıxışında profesor Qurban Yetirmişlinin təqdim etdiyi məruzə haqqında da danışıb. Azərbaycanda seysmoloji tədqiqatların yüksək səviyyədə aparıldığını qeyd edən akademik alınmış nəticələri yüksək qiymətləndirərək “Bu gün burada təqdim olunan nəticələr çox böyük zəhmət və əmək sayəsində əldə olunub. Seysmoloji Mərkəz dünyanın aparıcı universitetləri ilə yaxından əməkdaşlıq edir. Mərkəzdə ən müasir texnologiyalar və proqramlardan istifadə edilir. Bütün bunlar bir elm adamı kimi məni sevindirir. Bir də ona görə mən sevinirəm ki, bütün bu işlər bizim universitetin məzunu, mənim tələbəm olmuş Qurban Yetirmişlinin rəhbərliyi altında aparılır. Bir müəllim kimi bunu görmək məni sevindirir”, - deyib. Akademik çıxışında həmçinin gənclərə müraciət edərək elm sahəsində aktiv olmağı, bilik və bacarıqlarını artırmağı tövsiyə edib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.