Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.02.2024 15:00
  • A-
  • A
  • A+

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

Fevralın 13-də AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) Elmi şurasının cari ildə ilk iclası keçirilib.

İclasda HEB-in üzvləri, elmi-tədqiqat müəssisələrinin direktorları, müavinləri, şöbə müdirləri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri bölmənin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb. Xalqımızın mədəniyyətinə, ədəbiyyatına dövlət səviyyəsində göstərilən diqqət və qayğını vurğulayan alim ölkə rəhbərinin Fərman və sərəncamlarının icrası və qarşıda duran vəzifələr barədə məlumat verib.

Akademik Teymur Kərimli Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamının icrası ilə bağlı bölmənin elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yeri olan dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyinin layiqincə qeyd edilməsi məqsədilə Humanitar Elmlər Bölməsinin müəssisələrinə tapşırıqlar verildiyini qeyd edib. Bildirib ki, il ərzində Ədəbiyyat İnstitutu tərəfindən “Şərq poeziyasının Məhəmməd Füzuli zirvəsi” adlı elmi konfransın, Dilçilik İnstitutu tərəfindən “Məhəmməd Füzulinin dili” adlı elmi sesssiyanın, Əlyazmalar İnstitutu tərəfindən “Məhəmməd Füzuli: sələflər və xələflər – Orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVIII respublika elmi-nəzəri konfransının, eləcə də Folklor İnstitutu tərəfindən “Füzuli və Şərq folkloru” və Memarlıq və İncəsənət İnstitutu tərəfindən “Füzuli dünyası Azərbaycan incəsənətində” adlı respublika elmi konfranslarının keçirilməsi nəzərdə tutulub.

O, həmçinin Məhəmməd Füzulinin 530 illiyi münasibətilə bölmə institutları tərəfindən akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, “Sənətkarın elmi pasportu” seriyasından “Məhəmməd Füzuli: həyatı və yaradıcılığı, Stanislava Plyaskovitsk-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, “Məhəmməd Füzuli – 530” biblioqrafiyası, M.Füzulinin dili haqqında məqalələr toplusu və “Görünməyən Füzuli” monoqrafiyasının yenidən işlənilmiş formatda nəşrinin hazırlanacağını bildirib. Akademik Teymur Kərimli bundan başqa, dahi Azərbaycan mütəfəkkiri Füzuli haqqında nəşr olunmuş kitablardan ibarət sərginin təşkil olunacağını, eləcə də şairin Əlyazmalar İnstitutunda qorunan əsərlərinin əlyazmalarından ibarət “M.Füzulinin əsərlərinin Bakı nüsxələri” adlı sərginin ictimaiyyətə təqdim olunacağını diqqətə çatdırıb.

İclasda, həmçinin HEB-in elmi-tədqiqat müəssisələrində böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 155 illiyinin qeyd edilməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Həmid Araslının 115 illiyinə həsr olunan elmi sessiyanın keçirilməsi və bölmə institutlarında Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi, yazıçı-publisist Əli bəy Hüseynzadənin 160 illiyi ilə bağlı tədbirlərin təşkili ilə bağlı qərarlar qəbul olunub.  

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin Ədəbiyyat İnstitutunun,  filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin Dilçilik İnstitutunun, filologiya üzrə fəlsəfə doktoru, dosent  Afaq Ramazanovanın isə Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin olunmaları haqqında AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. Həmçinin professor Seyfəddin Rzayev Folklor İnstitutunun Mifologiya, professor Əfzələddin Əsgərov həmin institutun Türk xalqları folkloru, professor Füzuli Gözəlov Müasir folklor, filologiya elmləri doktoru dosent Ağaverdi Xəlilov Mərasim folkloru, fil.ü.f.d., dosent Əziz Ələkbərov Qərbi Azərbaycan folkloru və fil.ü.f.d., dosent İlkin Rüstəmzadə Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər. İclasda institutların bir sıra şöbələrində baş elmi işçi və aparıcı elmi işçi vəzifələri üzrə də təyinatlar olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: