AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçirilib.
İclası giriş sözü ilə açan institutun direktoru professor Nadir Məmmədli bildirib ki, Məhəmməd Əmin Azərbaycanın ictimai fikir tarixində ensiklopedik bir şəxsiyyət olmuş, onun yaradıcılığında ədəbiyyat, dil, siyasət, mədəniyyətlə bağlı konsepsiyalar öz əksini tapmışdır. Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi, ədəbi-bədii irsi haqqında müəyyən araşdırmalar aparılsa da, onun dilçilik görüşləri, ədəbi dilimizin inkişafı yolunda göstərdiyi xidmətlər haqqında, demək olar ki, kiçik həcmdə belə yazılar yoxdur.
Professor tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edildiyini vurğulayıb. Nadir Məmmədli bildirib ki, bu kimi tarixi Fərman və sərəncamlar Azərbaycan dövlətinin öz keçmişinə hörmət və rəğbətinin ifadəsidir.
Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu bildirib ki, Məhəmməd Əmin təkcə xalqın azadlığı, müstəqilliyi uğrunda deyil, eyni zamanda Azərbaycan dilinin inkişafı, təmizliyi, tərəqqisi üçün fəal mübarizə aparmışdır. O, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeamasının 10 müqəddiməsini Azərbaycan dilinə tərcümə edib. XX əsrin əvvəllərində dilçilikdə Qərb türkçülüyü, Şərq türkçülüyü cərəyanlarının olduğunu göstərir: “M.Ə.Rəsulzadənin söylədiyi nitqlər həmişə mükəmməl və səmimi olardı. Parlamentin 88 iclasında etdiyi çıxışlarda Azərbaycan dilinin gözəlliyi, gücü, əzmkarlığı, kəsəri duyulurdu”.
Sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, şöbə müdirləri professor İsmayıl Kazımov “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz” və filologiya elmləri doktoru Nərgiz Hacıyeva “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının dili və üslubu” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzəçilər bildirib ki, M.Ə.Rəsulzadə dövrün ədəbi dil normalarını israrla məqalə və məktublarında məcburiləşdirir, sabitləşdirir, oxucu kütləsinə təbliğ edir, ədəbi dili xalq dili materiallarına yaxınlaşdırır, əcnəbi ünsürlərə qarşı mübarizə aparırdı. M.Ə.Rəsulzadənin siyasi publisistik dili yaşadığı dövrün bir sıra mətbu orqanlarında “İrşad”, “Yoldaş”, “Tərəqqi” və s. qəzetlərində öz əksini tapmışdır. Bu qəzetlərdə Azərbaycanın yeni ictimai şəraitinə uyğun söz və termin yaradıcılığı üstünlük təşkil edir. Qeyd olunub ki, M.Ə.Rəsulzadə publisistikasının dili Azərbaycan publisist elmi və ictimai-siyasi üslubun mühüm tərkib hissələrindən biridir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.