Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2024 09:35
  • A-
  • A
  • A+

Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə Bölməsində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi  münasibətilə “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da iştirak edib.

AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova tədbiri açaraq iştirakçıları akademik Fuad Əliyevin adından salamlayıb. Sara Əzizova Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamının müddəaları üzrə, Azərbaycan Milli Elmlər Akademiyasında və Gəncə Bölməsində müvafiq tədbirlər planının hazırlandığını bildirib.

Sonra AMEA Gəncə Bölməsinin Diyarşünaslıq, Humanitar Tədqiqatlar institutlarının və Nizami Gəncəvi Mərkəzinin əməkdaşlarının məruzələri dinlənilib.

Diyarşünaslıq İnstitutundan Mətanət Əliyeva “Naxçıvanın real tarixi və erməni uydurmaları”, Namlet Abdullayev “Ermənilərin Naxçıvanda törətdikləri qanlı hadisələr”, Müşərrəf İbrahimova “Araz Türk Cümhuriyyəti”, Humanitar Tədqiqatlar İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva “Naxçıvan: tarixi gerçəklik və tarixi həqiqətlər”, Fatimə Qurbanova “Naxçıvanın tarixi abidələri” və Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin “Xəmsə”sində Naxçıvan toponimləri” mövzularında çıxış ediblər.

Məruzələr ətrafında müzakirələr aparılıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Ulu Öndər Heydər Əliyevin milli varlığımızın tarixi və əbədi torpaqlarından olan Naxçıvana istər sovet, istər də müstəqilliyimizə qədəm qoyduğumuz dövrlərə xüsusi diqqət göstərdiyini, onun Azərbaycanın taleyində əhəmiyyətli rolunun qüvvətləndirilməsi üçün mühüm addımlar atdığını xatırladıb. Y.Bədəlov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqində, ölkə başçımızın Türk dünyasını bir ailə kimi xarakterizə etdiyinə diqqət çəkib və Azərbaycanın öz tarixi torpaqları ilə bu ailənin mühüm qanadı olduğunu vurğulayıb. Y.Bədəlov, həmçinin qədim və köklü Azərbaycan yurdu olan Naxçıvanın əlamətdar yubileyi ilə bağlı ölkə başçısının sərəncamının işığında Gəncədə ilk tədbirin məhz AMEA Gəncə Bölməsi tərəfindən keçirildiyini vurğulayıb. Sonda Sara Əzizova dəyirmi masada səslənən çıxışları yüksək qiymətləndirərək, iştirakçılara minnətdarlıq bildirib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: