Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2024 17:25
  • A-
  • A
  • A+

AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

AMEA-da seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Fevralın 20-də AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada seysmologiya sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri – akademik Arif Həşimov və akademik İbrahim Quliyev, həmçinin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov iştirak ediblər.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın, həm də bir sıra qonşu dövlətlərin seysmik baxımdan aktiv zonada yerləşməsindən irəli gələrək, ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda seysmik tədqiqatların əsas mərkəzi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzidir ki, seysmik stansiyalar vasitəsilə respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir, güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riski qiymətləndirilir.

AMEA rəhbəri mərkəzin fəaliyyətinə dəstək vermək məqsədilə 2023-cü ildə Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə qurumun maddi-texniki bazasının və proqram təminatının yenilənməsi, bu sahədə süni intellektdən istifadənin genişləndirilməsi və s. qərarların qəbul edildiyini xatırladıb.

Akademik İsa Həbibbəyli bildirib ki, hazırda bu sahədə başlıca problemlərdən biri ölkə üzrə “Seysmologiya” ixtisası üzrə doktorantura təhsilinin olmamasıdır. Bu da özlüyündə yüksəkixtisaslı kadr hazırlığı prosesinə əngəl törədir. Akademiya rəhbəri seysmologiya ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində hazırlanması probleminin həll edilməsi üçün müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılacağını diqqətə çatdırıb.

Bundan əlavə, Seysmoloji Mərkəzin ölkə üzrə seysmik stansiya şəbəkəsinin genişlənməkdə olduğunu, 2024-cü ildə Şuşada qardaş Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD) Respublika Seysmoloji Xidmət Mərkəzinə hədiyyə etdiyi quyudibi seysmik stansiyanın istifadəyə veriləcəyini və işğaldan azad olunmuş digər ərazilərdə də seysmik proseslərə nəzarət etmək üçün yeni seysmik stansiyaların yaradılacağını diqqətə çatdırıb.

Eyni zamanda bu günlərdə Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oksford Universiteti arasında birgə elmi tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi istiqamətində aparılan müzakirələrin və nəzərdə tutulan qarşılıqlı səfərlərin təqdirəlayiq hal olduğunu bildirib. AMEA Yer Elmləri Bölməsinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşlarından bir qrupu Oksford Universitetində keçiriləcək seysmologiya üzrə beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış edəcəklər.

Sonra çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli hazırda rəhbərlik etdiyi qurumun qarşısında duran başlıca vəzifələr və prioritet tədqiqatlar, həmçinin Bakı şəhərində AMEA-nın təşkilatçılığı ilə seysmologiya üzrə keçiriləcək beynəlxalq konfrans barədə məlumat verib.

Müşavirədə akademik Arif Həşimov və akademik İbrahim Quliyev çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafında fikir və təkliflərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: