Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Vətənim” verilişinin növbəti buraxılışı görkəmli dramaturq Nəcəf bəy Vəzirova həsr olunub
21.02.2024 11:19
  • A-
  • A
  • A+

“Vətənim” verilişinin növbəti buraxılışı görkəmli dramaturq Nəcəf bəy Vəzirova həsr olunub

“Mədəniyyət” kanalında “Vətənim” verilişinin görkəmli dramaturq Nəcəf bəy Vəzirova həsr olunan ilk buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişdə bildirilib ki, Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərakatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmişdir.

Akademik Rafael Hüseynov qeyd edib ki, Nəcəf bəy Vəzirov ilk gəncliyindən ömrünün sonunadək dərviş olub. Onu dərviş edən isə şərait olmuşdur. Ədib köhnə dərvişlər kimi saf, əqidəli, məsləkinə bağlı, əməlində düzgün idi.

Diqqətə çatdırılıb ki, görkəmli dramaturq bəy nəslindən idi. Atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşmüşdür. Vəzirov ilk təhsilini dini məktəbdə almışdır. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə getmişdir. Lakin burada erməni müəllimin amansız rəftarı səbəbindən yeniyetmə həmin məktəbdə oxuya bilməmiş, 1868-ci ildə Bakıya yollanmışdır. Burada imtahan verib real gimnaziyanın ikinci sinifinə daxil olan Nəcəf bəy bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanmış, onun yaxşı şagird olmağının sorağı Qarabağa da çatmışdır.

Bildirilib ki, gimnaziyada oxuyarkən Nəcəf bəy Vəzirovun böyük Azərbaycan alimi o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərmişdir. O, ilk dəfə 1873-cü il mart ayının 10-da realnı gimnaziyanın şagirdləri ilə birlikdə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşasında oynamışdır. Nəcəf bəy 1873-cü ildə Azərbaycan teatr sənətində ilk dəfə tamaşaya qoyulan "Hacı Qara"nın təşəbbüsküsü olmuş, Azərbaycan səhnəsində ilk dəfə qadın rolları oynamaq kişiliyini öhdəliyinə götürmüşdür. Bütün bunlardan ruhlanan ədib elə həmin il “Əti sənin, sümüyü mənim” adlı ilk pyesini qələmə almışdır. Daha sonra “Ev tərbiyəsinin bir şəkli” adlı bir pərdəli pyesini yazan Nəcəf bəy Vəzirov bununla Azərbaycan dramaturgiyasında bir pərdəli pyes ənənəsinin təməlini qoymuşdur. O, əsərlərində gülə-gülə cəmiyyətin ağrılarından bəhs edirdi.

"Maddi vəziyyəti o qədər də yaxşı olmayan Nəcəf bəy 1874-cü ilin sentyabrında universitetə qəbul olmaq üçün Moskvaya səfər etmişdir. Burada uğurla imtahan verərək Petrovski-Razumovski adına Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuşdur. Lakin Peterburqun iqliminə uyğunlaşa bilməmiş, yenidən Moskvaya qayıtmıdşır. 1875-ci il iyulun 22-də Vəzirovun müəllimi Həsən bəy Zərdabinin böyük zəhməti hesabına ilk milli qəzetimiz - "Əkinçi" işıq üzü görmüşdür. Nəcəf bəy Vəzirov ilk məqalələrindən birini qəzetə göndərmişdir, milləti elmə, təhsilə, Vətənə xidmətə çağırmışdır".

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: