Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.02.2024 15:21
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Fevral ayının 21-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra “HORİZON - 2020” qrant layihəsi çərçivəsində ŞAR-da elmi ezamiyyətdə olan Estoniyanın Tartu Rəsədxanasının elmi işçisi astronomiya üzrə fəlsəfə doktoru Anna Aret “Tartu Rəsədxanası: keçmişdə, indi və gələcəkdə” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Tartu Rəsədxanasının tarixi, hal-hazırda rəsədxanada görülən işlər və gələcəkdə planlaşdırılan fəaliyyətlər barədə məlumat verib. Anna Aret qeyd edib ki, onların əsas tədqiqat obyektləri müxtəlif təkamül mərhələlərində olan massiv ulduzlardır. Massiv ulduzlar spektral və fotometrik üsullarla tədqiq olunur. Bu tədqiqatlar həm də digər ölkələrdən olan astronomlarda əməkdaşlıq şəraitində yerinə yetirilir  həmin ölkələrdən biri də Azərbaycan Respublikasıdır. O qeyd edib ki, ŞAR əməkdaşları ilə ifratnənəng ulduzların birgə tədqiqi həyata keçirilir.

Tartu Rəsədxanasında ekzoplanetlərin və qalaktikaların da tədqiqi istiqamətində aparılan elmi araşdırmalar barədə məlumat verən məruzəçi bildirib ki, adıçəkilən elmi müəssisədə həm də cihaz quruculuğu sahəsində geniş işlər aparılır. Rəsədxananın 1.5 m.-lik teleskopunda lifli eşelle spektroqraf qurulur.

Maraqlı məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: